Bakıda xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Elşən Bəndəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elşən Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-ci ilin yanvarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafedə Elşən Bəndəliyev tanışı, 1988-ci il təvəllüdlü Yadigar Rüstəmovla mübahisə edib. O, heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə Yadigara bıçaq zərbəsi vurub. Vaxtında tibbi yardım göstərildiyi Yadigar Rüstəmovun həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

İbtidai istintaqa ifadəsində Elşən Bəndəliyev Yadigar Bəndəliyevi bilərəkdən vurmadığını deyib: “Kafedən ondan pul istədim. Münasibətlərimiz çox yaxşıydı. Ondan 40 qəpik pul götürdüm. Bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı”.

Elşən Bəndəliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilir.