Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib.
O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Anar Mustafayev vəkili ilə razı olduğunu deyib. O, çıxışında işçilərinə “paket” verdiyini etiraf edib: “Tələbə xaricdə təhsil alıb, gəlir işləməyə. Biz ona 400 manat maaş veririk. Sonra hansısa şirkətdən ona 2000 manatlıq təklif gəlir. Biz də işçilərimizi saxlamaq üçün məcbur qalırdıq ki, onlara maaşdan əlavə “paket” verək”.
Təqsirləndirilən Cəlil Cəfərov qeyd edib ki, hər zaman dövlətə sadiqdir: “Mən həmişə dövlətim, bayrağım üçün çalışmışam. Nələrsə baş veribsə, bu o demək deyil ki, biz inciməliyik. İndi də dövlətimə xidmət etməyə hazıram. Öz sahəmdə xidmətim olub. Heç vaxt işimdə nöqsan olmayıb. “Azintelecom”da heç bir nöqsan tapılmadı. Ona görə bəraət tələb edirəm”.
Prosesdə təqsirləndirilən Namazalı Məmmədovun vəkili Könül Əliyeva çıxış edib. O da çıxışında birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu deyib: “Hökm elan olunanda gördük ki, Namazalı Məmmədov barəsində bir dənə də yüngüləşdirici hal nəzərə alınmayıb. Baxın, ittiham tərəfi deyir ki, Namazalı Məmmədov 4 milyon pul mənimsəyib. Lakin Namazalı Məmmədovun gördüyü işlərlə bağlı Rabitə Nazirliyinin ona 15 milyona yaxın borcu vardı.
Namazalı Məmmədov alacağı məbləğdən imtina elədi. Qalan pulu dövlətə bağışladı. Amma bunlar nəzərə alınmadı. Namazalı Məmməfovun himayəsində 93 yaşında gözləri tutulmuş anası, azyaşlı övladı var. Bu da hökmdə nəzərə alınmadı. Digər təqsirləndirilən şəxslərdə isə bu kimi hallar nəzərə alındı və onlara həbssiz cəza verildi. Pulu 4 qat əlavə ödəsə də, əmlaklarına həbs qoyulub.
Həmçinin hazırda Namazalı Məmmədovun banka 2 milyona yaxın borcu var. Bu dövlətin verdiyi sifarişləri yerinə yetirməsi ilə əlaqədardır. Məhkəmə istintaqı dövründə bir nəfər şahid də gəlib Namazalı Məmmədovun əleyhinə ifadə vermədi. Biz tələb edirik ki, Namazalı Məmmədov barəsində bəraət hökmü çıxarılsın və məhkəmədən azadlığa buraxılsın”.
Daha sonra Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov danışıb. O da müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Vidadi Zeynalov çıxışında prezidentdən əfv olunmasını istəyib: “Ağır günlər keçirmişəm. Hər şeyə dözərəm, amma qanunların pozulmasına dözmərəm. Biz heç vaxt dövlətin əmlakına mənimsəməmişik. Hər şey bir qırağa, mənim 32 illik dövlət qulluqçusu kimi fəaliyyətim, 8 kitab müəllifi olmağım nəzərə alınmadı. Eləmədiyim əmələ görə burda cəza çəkirəm. Şişirdilmiş məbləğə də razı olub, borcumu ödədim. Amma bunlar nəzərə alınmadı. Mən bu məhkəmədən bəraət gözləyirəm. Bütüm qohumarım əmlaklarına da həbs qoyulub. Məgər Vidadinin qohumlarıdısa, evsiz olmalıdırlar? Küçədə qalmalıdırlar? Əvvəl -axır haqq öz yerini tutacaq. Çünki mənə tapşırılan hər şeyi sədaqətlə icra etmişəm”.
Növbəti proses oktyabrın 31-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.
Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Daha sonra posesin davamında Vidadi Zeynalovun vəkillərindən Ceyhun Yusifov gələn proses çıxış edəcəyini bildirib.