Sumqayıt şəhərində qətldə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 2-nə təyin edilib.

İttihama görə, hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, Taleh Babazadə hadisə yerinə yollanmazdan əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.