Bakıda qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin vəkili məhkəməyə sənəd təqdim edib.

O bildidib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisini təhqir edib: “Buna görə də müvəkkilimin səhhətində problem yarandı və xəstəxanaya aparıldı”.

Hakim bildirib ki, bununla bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək.

Növbəti proses noyabrın 2-də davam edəcək.

İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən İraq Hava Yolları şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli COBALT markalı tüfənglə törədib.

Belə ki, hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyota” markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Əli Ağalını qətlə yetirib.