Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə 16 nəfər zərərçəkmiş şəxs məhkəmədə iştirak edib.

Məhkəmə baxışı noyabrın 2-nə təyin edilib.

İttihama görə, Çingiz Məmmədov və İsa Məmmədov “İdeal-V” tikinti şirkətinin vəzifəli şəxsləridir. Onlar barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

İstintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir şəkildə, cinayət əlaqəsinə girməklə qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər.

Onlar cəmiyyət tərəfindən Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satıblar. Ümumilikdə 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını ələ keçiriblər.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham edilirlər.