Bakıda adam oğurluğunda təqsirləndirilən Elnur Məmmədovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2016-cı ilin may ayının 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn Ramazanlı bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.
Arşdırılmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu Hüseyn Ramazanlını girov götürdüyünü deyib.
O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş Elnur Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis völməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.
Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (“skoç”la) bağlı vəziyyətdə olan Hüseyn Ramazanlı tapılaraq valideynlərinə təhvil verilib.
Mayın 11-də Elnur Məmmədov həbs olunub və ertəsi gün barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 11 il müddətinə zadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasının istəyib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılıb.
Apelyasiya şikayətinin dəlilərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elnur Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.