Quba rayonunda evlərdən birində oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qorxmazoba kəndindəki evlərin birindən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartı oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polisin əməliyyatı nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalov həbs edilib.

Onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 qızıl üzük, 2 cüt qızıl sırğa, 2 qızıl boyunbağı, 1 qızıl qolbaq və 2 mobil telefon oğurladığı da müəyyən edilib.

Oğurlanan qızıl zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar Sahil Mursalovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.