Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar.

Qəsdən adam öldürmədə təqsirləndirilən Əli Ağami və Etibar Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Əli Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli Etibar Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov oktyabrın 24-də şübhəli şəxs qismində saxlanılıblar. Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov məhbusların qaçmasına görə özlərini təqsirli biliblər.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.