BAKI, 20 oktyabr. TELEQRAF
Cənubi Koreya və Azərbaycan mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərmək baxımından müəyyən oxşarlıqlara malikdir.
Teleqraf xəbər verir ki, bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Koreya Cənubi Qafqazda baş verən prosesləri xüsusi diqqətlə izləyir:
“2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda davamlı sülh və sabitliyə doğru mühüm addım olub”.
Səfir qeyd edib ki, sonrakı dövrdə sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın təşviqi istiqamətində müsbət irəliləyişlər qeydə alınıb:
“Bu proseslər regional bağlantılar üçün yeni imkanlar yarada və Orta Dəhlizin əhəmiyyətini daha da artıra bilər”.
Diplomat vurğulayıb ki, Orta Dəhliz dəmir yolu və logistika ilə yanaşı, enerji və rəqəmsal infrastrukturu da əhatə edən geniş bağlantı şəbəkəsinə çevrilir.
O, Azərbaycanın bərpaolunan enerji sahəsindəki təşəbbüslərinə də diqqət çəkib:
“Ölkə ənənəvi enerji diplomatiyası sahəsində qazandığı təcrübədən yararlanaraq alternativ enerji mənbələrinin inkişafı və Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi istiqamətində çalışır”.
K. Kanq qeyd edib ki, Dünya Bankının 2026-cı ilin sentyabrında dərc etdiyi hesabatda Orta Dəhlizə strateji investisiyaların 2040-cı ilədək ticarət həcmini üç dəfədən çox artıra və daşınma müddətini yarıya endirə biləcəyi vurğulanıb:
“Geosiyasi qeyri-müəyyənliklər şəraitində etibarlı və şaxələndirilmiş nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Bu baxımdan Cənubi Qafqaz, Mərkəzi Asiya və Şimal-Şərqi Asiya ölkələri, o cümlədən Koreya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır”.
O, seminarın Azərbaycan və Cənubi Koreya arasında akademik mübadilənin genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.