BAKI, 19 oktyabr. TELEQRAF

Azərbaycan ilə Estoniya arasında siyasi-iqtisadi və rəqəmsal sahələrdə əməkdaşlıq gündən-günə dərinləşir. Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması isə ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirk Teleqraf-a müsahibəsində iki ölkə arasında tərəfdaşlığın perspektivlərindən, qarşıdakı planlardan və regional məsələlərdən bəhs edib.

Onunla müsahibəni təqdim edirik:

- Estoniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin indiki vəziyyətini necə qiymətləndirərdiniz?

- Estoniya ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Bakıda daimi səfirliyin açılması əlaqələrimizi dərinləşdirmək niyyətimizi göstərir. Son illərdə siyasi dialoqumuz da uğurlu olub. Siyasi məsləhətləşmələr keçirilib, 2025-ci ildə xarici işlər nazirimiz Azərbaycana səfər edib və ötən həftə Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Bakıda olub. Bütün bu hadisələr münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu göstərir.

- Ölkəmizdə fəaliyyətə başlayan Estoniyanın ilk rezident səfiri olaraq, əsas prioritetləriniz nələrdir?

- Bakıda ilk daimi səfir olmaq mənim üçün böyük şərəfdir. Əsas prioritetimiz Estoniya ilə Azərbaycan arasındakı münasibətləri möhkəmləndirmək və daha da dərinləşdirməkdir. Davamlı siyasi dialoqun aparılması və yüksək səviyyəli səfərlərin təşkili də vacibdir. Əlbəttə, iqtisadiyyat da prioritetlərimizdən biridir.

Ümid edirəm ki, daha çox estoniyalı iş adamı Azərbaycanı kəşf edəcək. Eyni zamanda məqsədimiz odur ki, azərbaycanlı iş adamları da öz növbəsində ölkəmizi yaxından tanımaqla yanaşı, Estoniya vasitəsilə Şimali Avropa regionunu və bütövlükdə Avropa bazarını da kəşf etsinlər.

Xalqlar arasında əlaqələr də çox vacibdir. Universitetlər və professorlarla əlaqələrin qurulmasına xüsusi əhəmiyyət veririk. Hazırda Estoniyada təxminən 200 azərbaycanlı tələbə təhsil alır. Buna görə də həmin əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərimizdəndir.

- Bakıda Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərin gücləndirilməsində hansı rolu oynayacaq?

- Artıq cari ilin mart ayında Ankaradakı ofisimizi rəsmi olaraq Estoniya səfirliyi kimi adlandırmışıq. Lakin indiyədək rəsmi açılış mərasimi keçirmək imkanımız olmayıb.

Bakıda rezident səfirliyə sahib olmaq fəaliyyətimizdə daha iddialı və görünən olmağımıza şərait yaradacaq. Azərbaycanlı tərəfdaşlarımızla daha yaxından işləyə və iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsi üçün əlavə imkanlar yarada biləcəyik.

- Azərbaycan ilə Estoniya arasında ticarət əlaqələrinin indiki vəziyyətini necə qiymətləndirirsiniz? Yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün hansı addımların atılması planlaşdırılır?

- Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən 65 Estoniya şirkəti var. Bununla belə, əməkdaşlığımızı genişləndirmək üçün daha çox potensial mövcuddur. 2025-ci ildə mal və xidmətlər üzrə ixrac-idxalın həcmi 56,8 milyon avro təşkil edib. Bu göstərici əlavə imkanların olduğunu göstərir.

Düşünürəm ki, rəqəmlər bəlkə də o qədər vacib deyil. Əsas məsələ tərəfdaşlıq, birgə əməkdaşlıq və investisiyalardır.

Xüsusilə hər iki ölkə üçün əhəmiyyətli olan sahələrə diqqət yetirməliyik. Azərbaycan 2025–2028-ci illər üçün süni intellekt strategiyasını qəbul edib. Buna görə də rəqəmsal əməkdaşlıq, elektron hökumət, süni intellekt və kibertəhlükəsizlik sahələrində imkanlar görürəm.

Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz üzərindəki coğrafi mövqeyini də nəzərə almalıyıq. Düşünürəm ki, Estoniya logistika şirkətləri üçün bu sahə investisiya qoymaq və layihələrdə iştirak etmək baxımından əlverişlidir.

- Azərbaycan–Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının noyabr ayında Tallində keçirilməsi nəzərdə tutulur. İclasın dəqiq tarixləri təsdiq edilibmi və toplantı zamanı hansı əsas məsələlərin müzakirəsi gözlənilir?

- İclasın bu il noyabrın 4-5-də Estoniyada keçirilməsini planlaşdırırıq. Həmin vaxt Tallində Rəqəmsal Sammit də keçiriləcək.

Azərbaycan tərəfdən nümayəndə heyətinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edəcək, Estoniyanı isə ədliyyə və rəqəmsal məsələlər nazirinin təmsil edəcəyi gözlənilir. Buna görə də müzakirələrin əsas mövzuları arasında informasiya texnologiyaları və kibertəhlükəsizlik olacaq. Biz həmçinin işgüzar dairələrin nümayəndələri üçün biznes-seminarın təşkili istiqamətində iş aparırıq.

- Estoniya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindəki mövcud irəliləyişləri necə qiymətləndirir?

- Ötən il Vaşinqtonda imzalanan Birgə Bəyənnamə mühüm mərhələ idi. İndi əsas məqsəd razılaşdırılmış məsələlərin həyata keçirilməsini və bütün prosesin rəvan davam etməsini təmin etməkdir.

Estoniya Azərbaycan və Ermənistanı bu yolda həqiqətən dəstəkləyir. Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması təkcə Estoniya üçün deyil, bütövlükdə Avropa üçün müstəsna əhəmiyyət daşıyır. Biz normallaşma prosesini və regionda davamlı sülhün bərqərar olmasını dəstəkləyirik.

- Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil, iqtisadiyyat, enerji və digər strateji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Estoniya bu tərəfdaşlığın daha da dərinləşməsinə və inkişafına hansı töhfələri verə bilər?

- Estoniya Avropa İttifaqının üzvü kimi bir çox layihədə iştirak edir. Xüsusilə informasiya texnologiyaları sahəsində fəalıq. Avropa İttifaqının qurumları ilə kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlıq layihələrimiz var.

Gələn həftə Avropa İttifaqı, Estoniya Elektron Hökumət Akademiyası və Azərbaycan tərəfinin birgə əməkdaşlığı ilə seminar keçiriləcək.

Hesab edirəm ki, reallaşdırdığımız bu cür layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

- Qarabağa həyata keçirdiyiniz səfər zamanı yerində müşahidə etdiyiniz bərpa-quruculuq işlərini və regionda həyatın canlanmasını necə xarakterizə edərdiniz?

- Azərbaycan nəqliyyat əlaqələrinə, energetika infrastrukturuna və müasir şəhərsalma layihələrinə böyük sərmayələr yatırmaqla Qarabağın yenidənqurulmasında əhəmiyyətli irəliləyişlər əldə edir. Məcburi köçkünlərin Qarabağa tədricən qayıtması da bütün bu prosesin vacib tərkib hissəsidir. Lakin hələ də genişmiqyaslı mina problemi mövcuddur və Azərbaycan bu istiqamətdə intensiv şəkildə çalışır.

Mina probleminin həlli bölgədə əlverişli mühitin yaradılması üçün də vacib məsələdir. Qarabağın tam inkişafına mane olur. Ümumilikdə hesab edirəm ki, Azərbaycan Qarabağın bərpası istiqamətində həqiqətən də möhtəşəm işlər görüb.