ŞUŞA, 6 iyul. TELEQRAF

Bu gün Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” beynəlxalq konfransı çərçivəsində “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirəsi keçirilib.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, paneldə Rusiyanın müstəmləkəçilik siyasəti, yerli xalqların hüquqları, milli kimliyin qorunması və mədəni irsin yaşadılması məsələləri müzakirə olunub.

Panelin moderatoru, Litvada Dünya Çərkəz Şurasının həmtəsisçisi və sədri Fatimat Kardanova-İanonene Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinə belə bir beynəlxalq platformanın yaradılmasına görə təşəkkür edib.

O bildirib ki, Azərbaycan gələcəkdə Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşına həsr olunan beynəlxalq forumların əsas məkanlarından birinə çevrilə bilər:

“Çərkəzlər Rusiyanın təzyiqlərinə məruz qalan çərkəz dili və mədəniyyətinin qorunması istiqamətində Azərbaycandan dəstək gözləyirlər”.

Türkiyənin Çərkəz Agentliyi İctimai Hərəkatının üzvü Anjelika Toktamış-Ceyişakar çıxışında bildirib ki, çərkəz icmalarının əsas məqsədi qarşıdurma deyil, ədalətin, əməkdaşlığın, iqtisadi rifahın və davamlı sülhün təmin edilməsidir.

Polşadan videobağlantı ilə tədbirə qoşulan “Azad Saxa Hərəkatı”nın lideri Raisa Zubareva isə qeyd edib ki, Saxa Respublikasının zəngin təbii sərvətlərinə baxmayaraq, iqtisadi və siyasi qərarlar Moskvada qəbul edilir:

“Region faktiki olaraq xammal müstəmləkəsinə çevrilib, saxalılar etnik ayrı-seçkiliklə üzləşir, ana dilləri isə ictimai həyatın müxtəlif sahələrindən sıxışdırılır”.

Konfransda videobağlantı vasitəsilə çıxış edən “Buryat Hökuməti” hərəkatının təsisçisi Zurtan Xaltarov da Rusiyada buryatların fundamental hüquq və azadlıqlarının məhdudlaşdırıldığını bildirib.

O vurğulayıb ki, Azərbaycanın milli kimliyin qorunması, tarixi yaddaşın yaşadılması və dövlət quruculuğu sahəsində qazandığı təcrübə buryat milli hərəkatı üçün mühüm nümunə hesab olunur.

FOTO: Elnur Muxtar