ŞUŞA, 6 iyul. TELEQRAF

Rusiya çərkəz xalqına qarşı törətdiyi soyqırımını etiraf etməli, imperialist siyasətinə son verməli və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır.​

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Litva Media Assosiasiyasının direktoru, Litva Seyminin sabiq üzvü Gintaras Songaila Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransda deyib.

G.Songaila bildirib ki, XIX əsrdə çərkəzlərin təxminən 90 faizi soyqırımına məruz qalıb, onların tarixi vətəni dağıdılıb, xalq isə dünyanın müxtəlif bölgələrinə səpələnib:

“Bu gün də çərkəz mədəniyyəti təqiblərlə üzləşir və yox olmaq təhlükəsi altındadır”.

G.Songailanın sözlərinə görə, Litva yaxın gələcəkdə Rusiya imperiyası tərəfindən çərkəz xalqına qarşı törədilmiş soyqırımını tanıyacaq.

O əlavə edib ki, bundan sonra Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması məsələsini gündəmə gətirə bilər.

“Rusiya imperialist siyasətindən imtina etməli və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır”.