BAKI, 2 iyul. TELEQRAF
Azərbaycanın orta güc statusu 30 il ərzində həyata keçirilən ardıcıl siyasətin nəticəsidir və bu uğurun əsas dayaqlarından biri güclü ordudur.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın orta güc statusu uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir:
“Bu prosesə torpaqların işğaldan azad edilməsi, iqtisadi inkişaf, diplomatik uğurlar və beynəlxalq təşkilatlarda fəal təmsilçilik mühüm töhfə verib”.
F.Şəfiyev vurğulayıb ki, dövlət üçün ən vacib məsələ təhlükəsizlikdir və bütün inkişafın təməlində güclü ordu dayanır.
BMTM sədri əlavə edib ki, Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik məsələlərinə və sülhməramlı fəaliyyətə mühüm töhfə verir.