BAKI, 10 iyun. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı hər iki nazir 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksək səviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Hər iki nazir bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi üçün imkan yaratdığını vurğulayıb və diplomatiya və iqtisadiyyat da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlığı dərinləşdirilmək niyyətlərini təsdiqləyiblər.

Azərbaycan tərəfi Yaponiyanın Rəsmi İnkişaf Yardımını (RİY) təqdir etdiyini və Yaponiya ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya tərəfi Azərbaycanın sabitliyinin və rifahının bütövlükdə Qafqaz regionunda sülhün təmin olunması baxımından əhəmiyyətini qəbul edib və hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Yaponiya tərəfi Azərbaycan tərəfinin turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

Tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2025-ci ilin sentyabr ayında keçirilmiş Azərbaycan-Yaponiya Birgə İqtisadi Komitəsinin 12-ci iclasını məmnunluqla qeyd edib və növbəti iclasın yaxın zamanda keçirilməsinin zəruriliyini təsdiqləyiblər.

Nazirlər Yaponiya-Azərbaycan İnvestisiya Sazişi üzrə 2019-cu ilin fevral ayında başlamış danışıqlarda indiyədək əldə edilmiş irəliləyişi məmnunluqla qeyd ediblər və onun yaxın zamanda bağlanması məqsədilə danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər.

Tərəflər dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə Birgə Kreditləşdirmə Mexanizmindən (BKM) istifadə olunmasına və BKM Birgə Komitəsinin ilk iclasının yaxın zamanda keçirilməsinə razılıqlarını ifadə ediblər.

Nazirlər regional və daha geniş əlaqəliliyin gücləndirilməsinə yönəlmiş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Tərəflər yapon şirkətlərinin iştirak etdiyi Azəri-Çıraq-Günəşli neft-qaz yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğu faktını yüksək qiymətləndiriblər. Bu, tərəflər arasında səmərəli qarşılıqlı əməkdaşlığın əhəmiyyətli faydalarını və müsbət nəticələrini nümayiş etdirir.

Nazirlər mövcud beynəlxalq şəraitdə sabit enerji təchizatı baxımından Azərbaycanın mühüm rolunu bir daha təsdiqləyiblər. Tərəflər Azərbaycan mənşəli xam neftin sabit təchizatının qorunması da daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətlərini ifadə ediblər. Tərəflər dəniz təhlükəsizliyinin vacibliyini vurğulayıblar.

Tərəflər iqtisadi dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və daha geniş beynəlxalq mühitə təsir göstərən son inkişaflarla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Nazirlər beynəlxalq platformalarda, o cümlədən beynəlxalq təşkilatlarda seçkilər ilə bağlı ikitərəfli əməkdaşlığın davam etdirilməsini təsdiqləyib, həmçinin daimi, eləcə də qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının islahatının tezliklə həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.

*****

14:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Yaponiya arasındakı mövcud münasibətlər və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazirlər müxtəlif sahələrdə əldə olunmuş irəliləyişləri nəzərdən keçirib və hər iki ölkənin strateji prioritetlərinə uyğun olaraq ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün praktiki addımları müzakirə ediblər.

Müzakirələr zamanı siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət, investisiya, energetika, nəqliyyat və loqistika, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm və xalqlararası təmaslar diqqət mərkəzində olub.

Tərəflər ikitərəfli gündəliyin şaxələndirilməsinin, həmçinin həm ənənəvi, həm də yeni sahələrdə əməkdaşlıq imkanlarının yaradılmasının vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Azərbaycanın bütün Yaponiya vətəndaşları üçün viza rejimindən azad etmə rejimini tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

O, bu təşəbbüsün gediş-gəlişin asanlaşdırılması, işgüzar mübadilələrin artırılması, turizmin təşviqi və iki ölkə xalqları arasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm bir addım olduğunu bildirib.

2027-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran tərəflər, qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanan əlaqələrin sabit inkişafını məmnunluqla qarşılayıblar. Münasibətlərin daha da irəliləməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin, müntəzəm siyasi məsləhətləşmələrin, eləcə də parlament diplomatiyası və mədəni-akademik mübadilələrin rolu xüsusi qeyd olunub.

Görüşdə ticarət, investisiya, yaşıl texnologiyalar, dekarbonizasiya, bərpa olunan enerji, infrastrukturun inkişafı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də diqqət yetirilib. Enerji təhlükəsizliyi və Asiya ilə Avropanı birləşdirən regional nəqliyyat-loqistika şəbəkələrində Azərbaycanın etibarlı tərəfdaşlıq rolu vurğulanıb, nəqliyyat infrastrukturu və rəqəmsal bağlantı təşəbbüsləri müzakirə edilib.

Azərbaycan-Yaponiya birgə İqtisadi Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən nazirlər, investisiyaların qorunması üçün hüquqi baza yaradacaq və biznes subyektlərinə yeni imkanlar açacaq "Azərbaycan-Yaponiya İnvestisiya Sazişi" üzrə işlərin sürətləndirilməsinin vacibliyini ifadə ediblər.

Görüş zamanı həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmkarına regiondakı postmünaqişə vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, eləcə də Azərbaycanın regional kommunikasiya və iqtisadi əməkdaşlıq təşəbbüsləri barədə məlumat verib.

Sonda hər iki tərəf tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib və 2027-ci ildə qeyd olunacaq 35 illik yubileyin gələcək hədəflərin müəyyənləşdirilməsi üçün mükəmməl fürsət yaradacağına əminliklərini ifadə ediblər.

***

14:46

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Tokioda rəsmi səfərdə olan azərbaycanlı həmkarı Ceyhun Bayramovu qarşılayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində hər iki ölkənin qətiyyətini nümayiş etdirir.