BAKI, 9 iyun. TELEQRAF

Mövcud beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır:

"Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır".

Bu kontekstdə, XİN vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edib.

Bununla yanaşı, xəbərdarlıqda vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyi bir daha diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşların hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir.

Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam etdiyini bildirib.