BAKI, 8 iyun. TELEQRAF
Son günlər Rusiya Prezidenti Vladimir Putin, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları Moskvanın Azərbaycanla ikitərəfli əməkdaşlığa yeni təkan vermək istəyini nümayiş etdirir. Xüsusilə iqtisadi inteqrasiyaya, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığın genişləndirilməsinə, “3+3” regional əməkdaşlıq formatının inkişafına, mədəni və humanitar əlaqələrin bərpasına diqqət yetirilir.
Bu təşəbbüslər 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya-Azərbaycan münasibətlərində hələ də tam aradan qaldırılmamış gərginlik, eləcə də Cənubi Qafqazdakı geosiyasi vəziyyətdə əhəmiyyətli dəyişikliklər fonunda ortaya çıxır. Bu, Rusiyanın əsl motivləri və təklif olunan layihələrin perspektivləri ilə bağlı müəyyən suallar doğurur.
Beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında ənənəvi qaydada yüksək səviyyəli münasibətlərin olduğunu vurğulayaraq, Rusiyanın Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə investisiya qoyduğunu, aktiv humanitar əməkdaşlığı və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfəsini diqqətə çatdırdı.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə daha konkret siqnallar səsləndirib. Rusiyalı diplomat Moskvanın Azərbaycanın Aİİ ilə daha da yaxınlaşmasını dəstəkləməyə hazır olduğunu təsdiqlədi. Bununla yanaşı, Qaluzin Rusiyanın Bakının Avrasiya İnkişaf Bankında (AİB) iştirakında, mədəni və humanitar əməkdaşlığın yenidən başlamasında, həmçinin “3+3” platformasının yüksək potensialından istifadə edilməsində maraqlı olduğunu vurğuladı.
Aİİ - inteqrasiya, yoxsa siyasi konyunktura aləti?
Moskvanın əsas təkliflərindən biri Azərbaycanla Aİİ arasında daha sıx əməkdaşlıq məsələsidir. Rusiya tərəfi bu təşəbbüsü əmtəə və xidmətlər üçün ortaq bazara çıxış əldə etmək, investisiya imkanlarını genişləndirmək və AİB vasitəsilə əsas infrastruktur layihələrinin maliyyələşdirilməsi perspektivi ilə əsaslandırır.
İqtisadi baxımdan belə əməkdaşlığın müəyyən üstünlükləri mövcuddur. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır və iki ölkə arasında iqtisadi-ticari əlaqələr hətta siyasi gərginlik dövründə də müsbət dinamika nümayiş etdirib.
Buna baxmayaraq, Bakı uzun illərdir Aİİ-yə potensial üzvlük məsələsində ehtiyatlı mövqe tutur ki, bunun da həm iqtisadi, həm də siyasi səbəbləri var.
Əvvəla, inteqrasiya birliklərində iştirak müəyyən öhdəliklərin qəbul edilməsini və səlahiyyətlərin qismən millətlərarası strukturlara ötürülməsini nəzərdə tutur. Azərbaycan isə ənənəvi olaraq xarici siyasətini və iqtisadi müstəqilliyini maksimum dərəcədə gücləndirmək siyasətinə sadiqdir.
İkincisi, Aİİ-yə Azərbaycanın bu yaxınlarda uzunmüddətli münaqişəyə son qoyduğu və hələ də yekun sülh müqaviləsi imzalamadığı Ermənistan da daxildir. Bu şəraitdə, Bakı ilə münasibətlərində bir sıra mübahisəli məsələləri saxlayan bir dövlətlə inteqrasiya təşkilatına qoşulmaq siyasi baxımdan sağlam məntiqlə uzlaşmır.
Üçüncüsü, Rusiyanın bəzən inteqrasiya strukturlarından yalnız iqtisadi mexanizm kimi yox, həm də postsovet dövlətlərinə siyasi təsir vasitəsi kimi istifadə etdiyi barədə sübutlar kifayət qədərdir. Bu baxımdan, rəsmi Bakı situativ geosiyasi maraqlara deyil, qarşılıqlı səmərəyə və proqnozlaşdırıla bilən əməkdaşlığa əsaslanan uzunmüddətli münasibətlər qurmağa üstünlük verir.
“3+3” formatı: perspektivlər və problemlər
Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranı birləşdirən “3+3” regional əməkdaşlıq platforması əvvəlcə İkinci Qarabağ müharibəsindən sonra yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması mexanizmi kimi nəzərdə tutulmuşdu. Onun əsas təşəbbüskarları Azərbaycan, Türkiyə və Rusiya idi.
Bu platformanın yüksək potensialını bir daha vurğulayan Mixail Qaluzin xarici işlər nazirlərinin növbəti görüşünün Bakıda və ya İrəvanda keçirilməsinə ümid etdiyini bildirib. Bundan əlavə, Rusiya tərəfi Gürcüstanın formatda iştirakına ümid etdiyini də gizlətmir.
Lakin, praktikada “3+3” formatının inkişafı ciddi çətinliklərlə üzləşib. Bu, əsasən platformanın ayrı-ayrı iştirakçıları arasında davamlı fikir ayrılıqları, eləcə də dəyişən regional güc balansı ilə bağlıdır.
Belə ki, formatın effektivliyi, ilk növbədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Moskvanın təzadlı siyasəti ilə əhəmiyyətli dərəcədə sarsılıb. Rəsmi Bakı Rusiya tərəfinin əldə edilmiş razılaşmada öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetrimədiyini və bəzən Ermənistan-Azərbaycan münaqişəsinin həllində müəyyən məsələlərdə qeyri-müəyyən mövqe tutduğunu dəfələrlə diqqətə çatdırıb.
Bundan əlavə, Kremlə yaxınlığı ilə seçilən bəzi rusiyalı ekspertlər Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin güclənməsini Moskvanın regiondakı ənənəvi təsirini məhdudlaşdırdığını iddia edirlər. Bu yanaşma isə obyektiv olaraq “3+3” platformasının tam güclə işləməsi üçün zəruri olan etimad atmosferinin yaradılmasını çətinləşdirir.
Təyyarə qəzasından sonra yaranmış etimad böhranı
Son ilyarımda Rusiya-Azərbaycan münasibətləri üçün ən ciddi sınaq 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması olub.
Böhran yalnız faciənin baş verməsi ilə yox, həm də Rusiya hakimiyyətinin sonrakı reaksiyasından qaynaqlanıb. Bakı Moskvanın məsuliyyətdən yayınmaq üçün ilkin cəhdlərini, istintaqdakı gecikmələri və rəsmi açıqlamaların operativ qaydada verilməməsini həmin vaxta qədərki sıx münasibətlərdə neqativ reallıq kimi qiymətləndirib.
Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan əsilli vətəndaşlara qarşı hərəkətləri ilə bağlı tətbiq etdiyi zorakılıq əməlləri və həmin vaxt iki azərbaycanlının ölməsi gərginliyin daha da dərinləşməsinə səbəb olub. Bütün bunlar ikitərəfli münasibətlərin nəzərəçarpacaq dərəcədə soyuması və ictimai etimadsızlığın artması ilə nəticələnib.
Eyni zamanda, Azərbaycanın siyasi rəhbərliyi vəziyyətin daha da dərinləməsinin qarşısını almaq siyasətini seçdi. Ciddi fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı diplomatik əlaqə kanallarını saxlayan rəsmi Bakı münasibətlərdəki böhranın açıq düşmənçiliyə çevrilməsinə imkan vermədi.
Məhz bu kontekstdə Moskvanın hazırkı açıqlamaları itirilmiş etimadı bərpa etmək və münasibətləri əvvəlki strateji tərəfdaşlıq səviyyəsinə qaytarmaq cəhdi kimi qiymətləndirilə bilər.
Azərbaycan-Rusiya münasibətlərində Ermənistan amili
Rusiyanın Azərbaycana münasibətdə diplomatik səylərinin güclənməsinin məhz Moskva ilə İrəvan arasında artan fikir ayrılıqları ilə üst-üstə düşməsi xüsusi maraq doğurur.
Son illərdə Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Qərb ölkələri və Avropa qurumları ilə əlaqələrini xeyli genişləndirib. Üstəlik, rəsmi İrəvan dəfələrlə Avropa İttifaqı (Aİ) ilə daha sıx inteqrasiya perspektivlərini müzakirə etməyin vacibliyini bildirib.
Bu fonda Rusiya getdikcə Ermənistanın siyasi kursundan narazılığını daha sərt şəkildə nümayiş etdirir. Bunun ən bazriz nümunəsi Vladimir Putinin İrəvanın xarici siyasət istiqamətini tez bir zamanda müəyyənləşdirmək və müvafiq referendum keçirmək zərurəti ilə bağlı son açıqlamalarıdır.
Moskvanın prioritetlərdəki dəyişikliyinin əlavə sübutlarını Ermənistannın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına Azərbaycandan tədarüklə əvəz edilməsi ilə bağlı açıqlamalarda da görmək olar. Bu cür siqnallar Ermənistan rəhbərliyinə təzyiq elementi kimi qiymətləndirilir.
Bu kontekstdə məntiqi sual yaranır: Moskvanın Azərbaycana münasibətdə hazırkı ritorikası münasibətlərin inkişafı üçün uzunmüddətli strategiyanın bir hissəsidir, yoxsa bu, Ermənistana müvəqqəti təsir vasitəsidir? Hələlik bu suala qəti cavab yoxdur. Lakin aydındır ki, Rusiya-Azərbaycan əməkdaşlığının davamlılığı tərəflərin fürsətçi siyasi şəraitdən daha çox qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq qabiliyyətindən asılı olacaq.
Azərbaycanın iqtisadi praqmatizmi
Regiondakı bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan davamlı şəkildə çoxvektorlu xarici iqtisadi siyasət yürüdür. Bakı, inteqrasiya layihələrinə qoşulmasa da, demək olar ki, bütün postsovet dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirir.
Azərbaycanın Aİİ-yə qoşulmadan Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiya ilə uğurlu əməkdaşlığı bunun əyani sübutudur. Eyni zamanda, Azərbaycan Qazaxıstan və Qırğızıstanla Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı əlaqələr inkişaf etdirir.
Bu yanaşma Azərbaycana yüksək səviyyədə iqtisadi müstəqilliyini qorumağa, xarici əlaqələrini şaxələndirməyə və ayrı-ayrı güc mərkəzlərindən asılılıqdan qaçmağa imkan verir.
Məhz buna görə də, Bakı daha çox çeviklik və milli maraqları hər bir hal üçün ayrıca nəzərə almaq imkanı təmin edən ikitərəfli əməkdaşlıq mexanizmlərinə üstünlük verir.
Rusiya rəsmilərinin son açıqlamaları bir daha göstərir ki, Moskva ciddi gərginlik dövründən sonra Azərbaycanla münasibətləri bərpa etmək və gücləndirmək istəyir. Aİİ ilə əməkdaşlığın genişləndirilməsi, “3+3” platformasının gücləndirilməsi, humanitar əlaqələrin inkişaf etdirilməsi və Azərbaycan-Ermənistan sülh prosesinin asanlaşdırılması təklifləri həm də Moskvanın Cənubi Qafqazda öz nüfuzunu qoruyub-saxlamaqda maraqlı olduğunu nümayiş etdirir.
Lakin bu təşəbbüslərin həyata keçirilməsi bir sıra obyektiv maneələrlə üzləşir. Bunlara AZAL fəlakətindən sonra yaranan etimad böhranının nəticələri, regional siyasətə fərqli yanaşmalar və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ətrafında səngiməyən qeyri-müəyyənlik daxildir.
Öz növbəsində, yalnız geosiyasi mülahizələrlə diktə edilən layihələrdə iştirakdan çəkinən Azərbaycan isə, praqmatik və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan siyasətin davam etdirilməsində maraqlıdır. Bakı üçün suverenlik, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan uzunmüddətli iqtisadi və siyasi münasibətlər prioritet olaraq qalır. Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi və Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşması perspektivləri də yalnız bu prinsiplərə riayət olunması şərti ilə mümkündür.
Sahil İsgəndərov, politoloq