BAKI, 16 may. TELEQRAF
Türk dünyasının könüllülər şəbəkəsini yaratmağı təklif edirik.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Mülki Alyansının rəhbəri Banu Nurqaziyeva bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bildirib.
B.Nurqaziyeva vətəndaş cəmiyyətinin baş verən proseslərdə sadəcə müşahidəçi deyil, qərarların qəbulunda tamhüquqlu tərəfdaş olmasının vacibliyini qeyd edərək təmsil etdiyi təşkilatın 3 mühüm təklifini irəli sürüb:
"Birincisi, QHT-lər və aktiv vətəndaşlar arasında daimi kommunikasiyanı təmin etmək üçün təşəbbüslərin mübadiləsinə yönəlmiş vahid rəqəmsal platformanın yaradılmasını təklif edirik. Bizim tərəfdaşlığımız yalnız forumlarla məhdudlaşmamalıdır.
İkincisi, ekoloji əməkdaşlığın gücləndirilməsidir. Təbiət dövlət sərhədləri tanımır, ona görə də ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin formalaşdırılması məsələlərində vətəndaş cəmiyyətinin koordinasiyasını artırmaq vacibdir.
Üçüncüsü isə böhran vəziyyətlərində birgə çevik reaksiya və humanitar dəstək mexanizmi kimi Türk dünyasının könüllülər şəbəkəsinin yaradılmasını təklif edirik”.