BAKI, 16 may. TELEQRAF
Gənclərimiz qardaş xalqlarımız arasında qızıl körpüdür.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistandakı "Yüksəliş" hərəkatının sədri, Özbəkistan parlamentində komitə sədri Babur Bekmurodov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bildirib.
B.Bekmurodov gənclərin Türk dünyasının gələcək birliyi ilə bağlı baxışlarını və yaradıcı ideyalarını bölüşmələri üçün xüsusi platformaların yaradılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, gənclər qardaş xalqlar arasında qızıl körpü rolunu oynayır:
"Gənclərimizin sosial proseslərdə aktiv iştirakı Türk sivilizasiyasının inkişafının təməli olacaq. Bizim əsas məqsədimiz gənclərin potensialını birləşdirərək Türk dünyasının həmrəyliyini yeni səviyyəyə qaldırmaqdır. Bu məqsədlə həyata keçiriləcək proqramlar vasitəsilə gənc nəsil əcdadlarımızın müqəddəs məkanlarını şəxsən ziyarət edə biləcək və ortaq tariximizlə daha dərindən bağ quracaqdır".
Komitə sədri həmçinin Türk dünyasının tarixi, mədəniyyəti və ədəbiyyatına yönəlmiş dövlətlərarası intellektual yarışların müntəzəm olaraq təşkil edilməsini təklif edib.
O, regionda keçirilən irimiqyaslı mədəni tədbirlərdə bütün TDT-yə üzv dövlətlərin gənclərindən ibarət vahid könüllülər korpusunun iştirakının təmin olunmasının əhəmiyyətinə toxunub:
"Bu təşəbbüs gənc vətəndaşlarımız arasında daimi dostluq münasibətlərinin və peşəkar mükəmməlliyin formalaşmasına xidmət edəcək, gənclərin gələcək birliyimizə dair baxışlarını və yaradıcı ideyalarını bölüşmələri üçün effektiv platforma rolunu oynayacaqdır. Proqram çərçivəsində üzv dövlətlərin tarixi və mədəni irs sahələrinə gənclərin xüsusi təhsil turlarının təşkili nəzərdə tutulmalıdır".