BAKI, 15 may. TELEQRAF

Türk Dövlətləri Təşkilatının (TDT) mədəni-humanitar təməlləri ilə iqtisadi-siyasi maraqlarını bir-birindən ayırmaq olmaz. Təşkilatın əsas üstünlüyü məhz bu iki mühüm istiqaməti unikal və bir-birlərini tamamlayan şəkildə birləşdirə bilməsindədir.

Teleqraf xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev "Qazinform"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, TDT güclü mədəni və humanitar bünövrə üzərində qurulub:

"Üzv dövlətləri çoxəsrlik tarixi bağlar, ortaq dil kökləri və dərin mədəni əlaqələr birləşdirir. Bu tərəfdaşlıq sadəcə kəsişən maraqlar üzərində formalaşmayıb, qardaşlıq və ortaq kimlik duyğusuna əsaslanır. Bu xüsusda, TÜRKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu kimi ixtisaslaşmış əməkdaşlıq təsisatları ortaq irsin qorunmasında, akademik-mədəni əməkdaşlığın inkişafında və xalqlararası əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".

Baş katib qeyd edib ki, bu dərin etimad mühiti iqtisadi və siyasi əməkdaşlığın səmərəliliyini əhəmiyyətli dərəcədə artırır:

"Məhz bu etimad sayəsində üzv ölkələr daha koordinasiyalı fəaliyyət göstərir, qərar qəbuletmə prosesləri sürətlənir və mühüm sahələrdə birgə təşəbbüslərin reallaşdırılması asanlaşır Bütün üzv dövlətlərdə xalqın bu birliyə güclü və səmimi dəstəyi hiss olunur ki, bu da TDT-ni regional səviyyədə müstəsna bir təşkilata çevirir".

K. Ömüralıyev əlavə edib ki, müasir dünyada dəyişən geosiyasi mənzərə fonunda TDT özünün geniş coğrafiyası ilə həm iqtisadi, həm də siyasi baxımdan Şərqlə Qərbin kəsişməsində unikal mövqe tutur:

"Təşkilat regionları, bazarları və mədəniyyətləri birləşdirən bir körpü rolunu oynayır, eyni zamanda dialoqu, sabitliyi və qarşılıqlı rifahı təşviq edir. Bu kontekstdə TDT təkcə öz üzvləri arasında əməkdaşlıq çərçivəsi deyil, həm də geniş region və onun hüdudlarından kənarda sülhün, sabitliyin və konstruktiv tərəfdaşlığın mühüm mənbəyi kimi getdikcə daha qabarıq şəkildə ön plana çıxır".