BAKI, 8 aprel. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan qazaxıstanlı həmkarı Yermek Koşerbayev ilə görüşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüş zamanı, Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və bu münasibətlərdən irəli gələn məsələlər, eləcə də regional vəziyyət ətrafında geniş müzakirə aparılıb.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq son illərdə daha da intensivləşərək iqtisadiyyat, ticarət, enerji, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma və texnologiya, kənd təsərrüfatı, turizm, mədəni, humanitar və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilib.
Qarşılıqlı sərmayələr, o cümlədən 300 milyon ABŞ dolları həcmində investisiya fondunun yaradılması iqtisadi əməkdaşlığın inkişafında mühüm istiqamət kimi qeyd olunub.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektorunda birgə layihələrin həyata keçirilməsi və regional bağlantıların gücləndirilməsi istiqamətində mövcud potensialın əməkdaşlığın gələcək inkişafına geniş imkanlar yaratdığı xüsusilə vurğulanıb.
Orta Dəhliz üzrə əməkdaşlığın strateji əhəmiyyəti vurğulanaraq bu marşrutun Avropa ilə Asiya arasında yükdaşımaların artmasına töhfə verdiyi və tranzit potensialının gücləndirilməsinin mühüm istiqamət olduğu diqqətə çatdırılıb.
Mərkəzi Asiya regionu ilə intensiv dialoqun inkişafı, o cümlədən C6 formatı çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, beynəlxalq və regional platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub və bu platformalarda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi diqqət mərkəzində olub.
Tərəflər Yaxın Şərqdəki gərginlikdən ciddi narahatlıqlarını ifadə edərək, münaqişələrin yalnız diplomatik vasitələrlə həllinin əhəmiyyətini vurğulayıblar. İran və ABŞ arasında əldə olunmuş atəşkəs alqışlanıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq fəaliyyətləri və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfinin dəstəyi ilə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkür ifadə olunub.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
12:59
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Qeyd edilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutub.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında güclü strateji əlaqələrin mövcudluğu bir daha təsdiqlənib. Nazirlər iqtisadiyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, eləcə də texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Tərəflər Avropa ilə Asiya arasında ticarətin genişləndirilməsində Orta Dəhlizin strateji rolunu xüsusi vurğulayıblar. Bildirilib ki, birgə həyata keçirilən layihələr tranzit infrastrukturunun inkişafına və regional bağlılığın güclənməsinə mühüm töhfə verir.
Görüşdə Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlıq ifadə olunub. Nazirlər tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümidvar olduqlarını bildiriblər. Bundan əlavə, tərəflər digər regional və qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin gedişatı barədə ətraflı məlumat verib.
***
12:15
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında təkbətək görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
***
12:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Yermek Koşerbayevi qarşılayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.