BAKI, 30 mart. TELEQRAF

Martın 29-da Azərbaycanın Kanadadakı səfirliyi və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və “Aprel döyüşlərinin” 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Teleqraf-a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Vüsal Süleymanov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat verib, “Aprel döyüşlərinin” Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. V.Süleymanov çıxışında, həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə məlumat verib.

Daha sonra çıxış edən məktəbin müəllimələri Vüsalə Əhmədova və Ülviyyə Rəhimova xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışıblar. Onlar “Aprel döyüşləri”nin Azərbaycanın Vətən müharibəsindəki hərbi Qələbəsinin başlanğıcı olduğunu bildiriblər.

Tədbir zamanı Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.