BAKI, 11 mart. TELEQRAF
"Köhnə dünya nizamı ağır zərbə alıb, yeni yanaşmaya ehtiyac var".
Teleqraf xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Seragəldin XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
O, builki forumun əvvəlkilərdən köklü şəkildə fərqləndiyini və dünyanın həlledici bir qırılma mərhələsindən keçdiyini vurğulayıb.
Sabiq vitse-prezident qeyd edib ki, hazırda bəşəriyyət yalnız keçid dövrünü yaşamır, eyni zamanda qaydalara əsaslanan köhnə çoxtərəfli dünya nizamı çox ağır, bəlkə də fatal bir zərbə alıb.
İ. Seragəldinin sözlərinə görə, artıq sadəcə 20-ci əsrin institutlarına qayıtmağa çalışmaq və keçmişə həsrət duymaq kifayət deyil:
"Biz 21-ci əsrin siyasi, hərbi, ekoloji və humanitar problemləri ilə mübarizə aparmaq üçün çoxtərəfliliyə tamamilə yeni bir yanaşma inşa etməliyik. Bu, həm mövcud böhranları idarə etmək, həm də gələcəyin strategiyalarını qurmaq üçün institutların yenidən təsəvvür edilməsini tələb edir".
O, həmçinin bildirib ki, müasir dövrün çağırışları insan haqlarından tutmuş qida təhlükəsizliyinə, yoxsulluğun ləğvindən biomüxtəlifliyin qorunmasına qədər bütün sahələrdə qlobal həmrəylik və məsuliyyət tələb edir.
Sabiq vitse-prezident vurğulayıb ki, mövcud prosedur və siyasətlərin öz-özünə davam edəcəyinə ümid etmək əbəsdir:
"Biz beynəlxalq nizamı yenidən dizayn etmək üçün həm təcrübənin müdrikliyini, həm də 'ümidin cəsarətini' ortaya qoymalıyıq. Builki Qlobal Bakı Forumu məhz bu yeni avenues – yeni yolların kəşf edilməsi üçün ən mühüm platformadır".