BAKI, 3 mart. TELEQRAF

İsrail İranda yəhudi dövləti əleyhinə aqressiv siyasətindən əl çəkənədək əməliyyatlarını davam etdirəcək.

Bu barədə Teleqraf-a İsraildəki diplomatik mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, İsrail ABŞ ilə birlikdə İrana qarşı genişmiqyaslı əməliyyat aparmaq məcburiyyətində qalıb.

"ABŞ ilə davam edən danışıqlara baxmayaraq, İranın nüvə proqramı inkişaf etməkdə idi. İstehsal etdikləri nüvə materialları artıq 11 atom bombasının hazırlanması üçün kifayət edirdi", - məlumatda deyilib.

Diplomatik mənbə əlavə edib ki, əməliyyatlar İranın İsrailə qarşı düşmənçilik siyasəti sona çatana qədər dayandırılmayacaq.

Agentliyin müsahibi həmçinin vurğulayıb ki, İran vətəndaşları ölkənin apardığı siyasətə görə məsuliyyət daşımalıdırlar:

"İran vətəndaşları ölkədəki dəyişikliklər prosesində məsuliyyəti üzərinə götürməli və fəal iştirak etməlidirlər. Məlumatımıza görə, İran əhalisinin 60 faizdən çoxu hazırkı hakimiyyəti dəstəkləmir".

O qeyd edib ki, bu, sadə insanları günahlandırmaq məqsədi daşımır: "Əksinə, mövcud siyasətin dayandırılması üçün bir vətəndaş fəallığı çağırışıdır".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.