BAKI, 19 fevral. TELEQRAF
"Yeni rəqəmsal platforma dekolonizasiya prosesinə mühüm elmi töhfə verəcək".
Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Abbas Abbasov qeyd edib ki, ölkələr arasında sıx və sağlam əməkdaşlığın qurulmasında rəqəmsal platformalar müstəsna rol oynayır: “Tədqiqatçılar, elm xadimləri və ekspertlər üçün mötəbər mənbə rolunu oynayacaq bu yeni baza həm BMT mütəxəssisləri, həm də dekolonizasiya prosesində iştirak edən digər maraqlı tərəflər üçün əsas rəqəmsal məlumat mərkəzi xarakteri daşıyacaq”.
İcraçı direktor müstəmləkəçi güclərin apardığı siyasətin mahiyyətinə toxunaraq bildirib ki, bəzi ölkələr öz dillərini, dinlərini və adət-ənənələrini məqsədli şəkildə yaymağı “inkişafyönümlü addım” kimi təqdim etməyə çalışırlar: “Lakin bu, əslində sistemli bir assimilyasiya siyasətidir və qlobal müstəvidə ölkələr arasında sağlam əməkdaşlığın qurulmasına ciddi maneələr yaradır”.
A. Abbasov son üç ildə üzləşdikləri çətinliklərdən də bəhs edib. O, fəaliyyətə başladıqları ilk aylardan etibarən Fransa və Belçika kimi ölkələrdən gələn təzyiqlərə baxmayaraq, işlərini qətiyyətlə davam etdirdiklərini vurğulayıb: “Biz fəaliyyətimizi yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və elmi yönümlü layihələrlə müxtəlif beynəlxalq platformalarda həyata keçiririk. Artıq fəaliyyətimiz yalnız hesabatlar və kitablarla məhdudlaşmır, rəqəmsal müstəviyə keçərək işimizi bütün dünyaya çatdırırıq. Milli və müstəqil hərəkatlara qarşı olan təzyiqlərə baxmayaraq, çoxşaxəli mübarizəmiz davam edir”.