BAKI, 19 fevral. TELEQRAF

"Kanaki xalqı artıq 172 ildir azadlıq mübarizəsi aparır, lakin Fransa tərəfi bu haqlı mübarizəni "terrorizm" kimi qələmə verməyə çalışır".

Teleqraf xəbər verir ki, bu barədə FLNKS-in siyasi bürosunun üzvü və Mouvement Océanien Indépendantiste (Yeni Kaledoniya) Məşvərət Şurasının üzvü Orian Sinqon Trolü bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Yeni Kaledoniya”adı ölkəni guya "kəşf edən" bir dənizçi tərəfindən verilmiş müstəmləkəçi bir addır və bu yanaşma yerli xalqın tarixini inkar edir:

“Müstəmləkəçi strategiyalar bu torpaqları "heç kimə məxsus olmayan ərazi" kimi təqdim edərək mənimsəyib”.

O, müstəqillik hərəkatının yalnız resurslar uğrunda olmadığını, bunun onilliklər boyu davam edən ağır əziyyətlərə və xalqın təcrid olunmasına qarşı bir etiraz olduğunu bildirib.