BAKI, 14 oktyabr. TELEQRAF
Böyük Britaniya parlamentinin rəsmi saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana tətbiq edilən silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.
Teleqraf xəbər verir ki, bəyanatda deyilir:
"Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişləri nəzərə alaraq, hər iki ölkə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilən üçtərəfli sülh sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi üzrə ilkin razılıq əldə edilib və birgə bəyanat imzalanıb.
Sənəddə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və Azərbaycan ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi, eyni zamanda Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsi ilə bağlı razılıq ifadə olunub.
Əldə olunan razılaşma Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Ermənistan və Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq gücləndiriləcək. Həmçinin tərəflər arasında illik nazirlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılır.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri avqustun 24-dən 26-dək hər iki ölkəyə səfər edərək, Böyük Britaniyanın sülh prosesinə dəstəyini bir daha ifadə edib.
Ermənistan və Azərbaycan arasında əldə olunan irəliləyişlər fonunda 1992-ci ildə ATƏT tərəfindən tövsiyə olunan silah embarqosunun tətbiqinə əsas qalmayıb. Bu səbəbdən Böyük Britaniya hər iki ölkəyə qarşı silah embarqosunu tam şəkildə ləğv edib.
Silah və hərbi texnika ixracına dair bütün lisenziya müraciətləri fərdi qaydada və mövcud ixrac meyarlarına uyğun olaraq qiymətləndiriləcək.
Bu qərar regionda sülhün, təhlükəsizliyin və iqtisadi rifahın möhkəmləndirilməsinə yönəlib və London ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Cənubi Qafqazda sabitliyin qorunması üçün əməkdaşlığa hazırdır".