BAKI, 9 oktyabr. TELEQRAF

Azərbaycanın BMT-dəki nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Üçüncü Komitəsinin ümumi müzakirəsində çıxış edib.

Teleqraf xəbər verir ki, o, ölkədə insan hüquqlarının qorunması və təşviqi istiqamətində görülən tədbirlər, həmçinin bu sahədə BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlıq barədə məlumat verib.

Diplomat çıxışında Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də danışıb. O, eyni zamanda, münaqişənin humanitar nəticələrinə xüsusilə, itkin düşmüş şəxslərin taleyinə və ərazilərin geniş miqyasda minalanmasına diqqət çəkib.

Musayev bildirib ki, bu ilin martında BMT-nin Əlillərin Hüquqları Komitəsi Azərbaycan ərazisində minaların çoxluğunu ciddi humanitar problem kimi qiymətləndirib. O, bu məsələnin həlli üçün beynəlxalq həmrəyliyin və dəstəyin vacibliyini vurğulayıb.

Diplomat qeyd edib ki, 1990-cı illərdən bəri təxminən 4 min azərbaycanlı münaqişə ilə əlaqədar itkin düşüb. Onlardan 779 nəfəri mülki şəxsdir, o cümlədən 284 qadın, 316 yaşlı və 71 uşaq. İşğal başa çatdıqdan sonra azad edilmiş ərazilərdə 28 kütləvi məzarda və digər yerlərdə 187 nəfərin qalıqları tapılıb və əksəriyyəti kimlikləri müəyyən edilərək ailələrinə təhvil verilib.

Tofiq Musayev həmçinin qeyd edib ki, Azərbaycan münaqişə dövründə törədilmiş ağır cinayətlərin araşdırılması və cəzalandırılması istiqamətində ciddi addımlar atır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərə hüquqi yardım göstərilir və ailələri ilə əlaqə saxlama imkanları təmin olunur.

Azərbaycan nümayəndəsi çıxışının sonunda BMT Nizamnaməsində təsbit olunan dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmama prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb. O, insan hüquqları mövzularının siyasiləşdirilməsinə və bu adı altında dövlətlərin daxili işlərinə müdaxiləyə qarşı çıxaraq, məsələlərin obyektiv və beynəlxalq hüquq normalarına uyğun şəkildə müzakirə edilməsinin zəruriliyini qeyd edib.