BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimova 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulması ilə bağlı rəsmi Bakının gözləntiləri də çatdırılıb.
Teleqraf xəbər verir ki, Rusiya səfiri ilə nazirlikdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov görüşüb.
Hələ ötən ilin sonundan münasibətlərə mənfi təsir edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.
Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.
Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.