
BAKI, 20 iyun. TELEQRAF
Azərbaycanın dəstəyi ilə Türkiyənin Kahramanmaraş vilayətində tikilən evlərdən biri də 2023-cü il fevralın 6-da baş verən zəlzələdə həyat yoldaşı Yavuz Altunu itirən və özü 3 gün sonra dağıntılar altından sağ-salamat xilas edilən üç uşaq anası Leyla Altuna təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Artıq dağılan evinin yerindən yeni evi olan Altuna ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan qonaq olub.
Yeni mənzil almasının sevincini yaşayan üç uşaq anası Azərbaycan dövləti və Prezident Əliyevə təşəkkür edib:
“Onlara dönə-dönə təşəkkür edirəm. Onlar bizim qardaşlarımızdır. Prezidentimiz çox dəyərlidir. Bizi tək qoymadı, arxamızda olduğunu hiss etdirdi. Bu gözəl, çox gözəl hissdir. Dövlətimizin arxamızda olduğunu hiss etmək bizə daha çox güc verir”.
Prezident Ərdoğan və Prezident Əliyevi evində qonaq edəndə çox təsirləndiyini və bundan xoşbəxt olduğunu vurğulayan Leyla Altun qeyd edib:
“Hər kəsə nəsib olan bir şey deyil. Onları evimdə qonaq etdim. Onlara çox təşəkkür edirəm. Yoldaşımdan, evimizdən və nə edə biləcəklərindən danışdıq”.