BAKI, 21 may. TELEQRAF

Ukraynaya göstərdiyi dəstəyə və dostluğa görə Azərbaycana səmimi təşəkkürümü bildirmək istəyirəm.

Teleqraf xəbər verir ki, bunu İrpin Şəhər Şurasının katibi - mer vəzifəsini icra edən Anjela Makelyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.

O bildirib ki, Rusiya işğalından dərhal sonra beynəlxalq tərəfdaşların və Ukraynanın dostları ilə birlikdə şəhərin bərpasına başlanıb:

"Bu, beynəlxalq tərəfdaşlarımızın xidmətidir. Şəhərin bərpasına 20 təşkilat qoşulub və bu gün biz sizinlə birlikdə çalışaraq əməkdaşlıq təcrübəsinə və qarşılıqlı etimada söykənirik. Tərəfdaşlarımız arasında Azərbaycan İrpen şəhəri üçün xüsusi yer tutur. Zərifə Əliyeva adına park və məktəb bizim şəhərdə yerləşir. Bu məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə məktəbdir.

Azərbaycan hökumətinin dəstəyi ilə İrpində “Linqvist” liseyi və “Poliqraf” şəhər mərkəzi fəaliyyət göstərir. Bu obyektlər olmadan şəhərimizin və icmamızın həyatını təsəvvür etmək mümkün deyil.

Buna görə Azərbaycan xalqına səmimi minnətdarlığımızı bildiririk. Biz əməkdaşlığımızı daha da dərinləşdirməyə və icmamızda daha üç mühüm obyektin birlikdə bərpasını həyata keçirməyə hazırıq".