BAKI, 21 may. TELEQRAF

Bu gün həyata keçirilən bütün yenidənqurma və inkişaf fəaliyyətlərinin arxasında işğal dövründə Kəlbəcərdə törədilmiş ağır dağıntılar, vandalizm və ekoloji terror dayanır.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

B.Hacıyev bildirib ki, rayonun yaşayış məntəqələri kütləvi şəkildə dağıdılıb, insanların illər boyu formalaşdırdığı tarixi mühit və təbii ekosistem ciddi zərər görüb. Tarixi və mədəni irs, nadir dini abidələr, qəbiristanlıqlar və digər mədəni nümunələr ciddi dağıntıya məruz qalıb.

Eyni zamanda, Kəlbəcərin zəngin təbii sərvətləri ekoloji baxımdan məsuliyyətsiz şəkildə istismar edilib, meşələr yandırılıb, təbii resurslar talan olunub, su ehtiyatlarına və canlı aləmə ciddi ziyan vurulub. Rayonun iqtisadi potensialı da böyük ölçüdə məhv edilib. Uzun illər ərzində regionun ekoloji sistemi və ətraf mühiti ağır şəkildə zərər görüb.

“Bu səbəbdən postmüharibə dövründə həyata keçirilən layihələr yalnız tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın doğma torpaqlara yenidən qaytarılmasını ifadə edir”.

Xüsusi nümayəndə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin azad edilməsindən dərhal sonra həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə və bərpa işləri həyata keçirilməyə başlanıb:

“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun təbii dirçəlişinə, inklüziv və davamlı məskunlaşmaya, iqtisadi fəaliyyətin bərpasına dəstək verir və bu bölgələrin inkişaf etmiş regionlara çevrilməsində mühüm rol oynayır.

Eyni zamanda, bu proseslər işğal dövründə törədilmiş dağıntıların, ekoloji terrorun və meşələrin məhv edilməsinin nəticələrinin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.