BAKI, 21 may. TELEQRAF

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən 82 kilometrlik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun 85 faizi artıq tamamlanıb. Yol üzərində ümumi uzunluğu 25,9 kilometr olan beş tunel tikilib.əmin tunellərdən biri Qafqaz regionunun ən uzun tuneli hesab olunur və nəqliyyat əlaqələrinin optimallaşdırılmasına, məsafələrin qısaldılmasına, həmçinin nəqliyyat axınının daha rahat və fasiləsiz təşkilinə xidmət edəcək".

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

Xüsusi nümayəndə bildirib ki, eyni zamanda, enerji təchizatı sahəsində də mühüm işlər görülüb:

​“İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonu tarixində ilk dəfə olaraq təbii qazla təmin edilir. 'Azəriqaz' İstehsalat Birliyi tərəfindən Kəlbəcər Qaz-Paylayıcı Stansiyası və şəhər nizamlayıcı məntəqəsi tikilib, Zar kəndində də analoji infrastruktur qurulub. 'Azərişıq' ASC tərəfindən 'İstisu' yarımstansiyası və digər strateji obyektləri qidalandıracaq yarımstansiya istifadəyə verilib. Şəhərdə rəqəmsal idarəetmə mərkəzinin inşası başa çatıb. Paralel olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəhərdə içməli su, tullantı, yağış və sel suları drenaj xətlərinin çəkilişini icra edir”.