BAKI, 21 may. TELEQRAF
Nazirlər Kabinetinin 2024-cü ilin may ayında qəbul etdiyi qərara əsasən, Kəlbəcər şəhərinin 2040-cı ilə qədərki inkişafına dair Baş Planı təsdiq edilib. Bu plana uyğun olaraq şəhər mərkəzi, qəsəbə və kəndlər tamamilə yeni yaşayış məhəllələri, binalar, məktəblər, xəstəxanalar və digər sosial obyektlərlə yenidən qurulur. Lakin post-münaqişə dövründə qarşılaşdığımız ən böyük çətinlik ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsidir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışı və tikintinin sürətlənməsi üçün minatəmizləmə işləri bizim ilk və ən vacib addımımızdır”.
Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.
Xüsusi nümayəndə çıxışında həm ölkə, həm də rayon miqyasında mina faciəsinin statistik rəqəmlərini açıqlayıb:
“2020-ci ilin noyabrından 2026-cı ilin may ayına qədər Azərbaycan üzrə ümumilikdə 270 min hektar torpaq sahəsi, Kəlbəcər rayonunda isə 2020 hektar ərazi minalardan təmizlənib. Sözügedən müddətdə mina və partlayıcı sursat insidentləri nəticəsində respublika üzrə ümumilikdə 425 mina qurbanı qeydə alınıb. Onlardan 73 nəfəri həyatını itirib, 352 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan dövr ərzində ümumilikdə 262 mina hadisəsi baş verib. Təəssüf ki, bu statistikanın əhəmiyyətli bir hissəsi Kəlbəcər rayonunun payına düşür. Rayonda qeydə alınan 27 mina hadisəsi nəticəsində 8 nəfər həlak olub, 43 nəfər yaralanıb”.
Kəlbəcər şəhərində tikinti işlərinin cari vəziyyətinə toxunan dövlət rəsmisi, layihələrin gedişatına dair mühüm anonslar verib:
“Təhlükəsiz yaşayış mühitinin qurulması çərçivəsində Kəlbəcər şəhərinin birinci mərhələsinin tikinti işləri artıq başa çatıb və yaşayış mənzilləri istifadəyə verilib. Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrinin layihələndirilməsi və ekspertiza nəzərdən keçirilməsi prosesi paralel olaraq davam edir. Kəndlərin bərpasına gəlincə, İstisu və Şaplar kəndlərinin layihələndirmə işləri tamamlanıb və rəsmi ekspertizadadır, tərəfimizdən Çıldıran, Seyidlər və Zar kəndlərinin də detallı planlaşdırılması sürətlə davam etdirilir”.
Bəşir Hacıyev yaxın gələcəkdə mərkəzdə inşası nəzərdə tutulan irihəcmli sosial və inzibati obyektlərin parametrlərini də açıqlayıb:
“Kəlbəcər şəhərində 2,42 hektar ərazini əhatə edən inzibati binanın və 10,9 hektarlıq şəhər parkının layihələndirilməsi işləri davam edir. Həmçinin İşğal və Zəfər Muzeyləri Kompleksinin yaradılması da nəzərdə tutulur. Hazırda Kəlbəcər şəhərində tikintisi davam edən böyük Təhsil Kompleksində də işlər sürətlə irəliləyir”.