BAKI, 21 may. TELEQRAF

İnanıram ki, forum çərçivəsində dayanıqlı infrastruktur, şəhər maliyyələşdirilməsi mexanizmləri, torpaq siyasəti, əlçatan mənzil təminatı və şəhərlərin rəqəmsal transformasiyası mövzusunda aparılan müzakirələr olduqca dəyərli töhfələr verəcək. Bu səylər Azərbaycanın qlobal şəhərsalma proseslərində əsas tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

​Xüsusi nümayəndə rəsmi təqdimat vasitəsilə Kəlbəcərin işğal dövründə məruz qaldığı urbisid və ekoloji terror faktlarını diqqətə çatdırıb. O qeyd edib ki, hazırda rayonda aparılan sürətli dirçəliş prosesinin miqyasını anlamaq üçün vaxtilə törədilmiş vandalizmin dərəcəsinə nəzər salmaq lazımdır:

​“İşğal illərində Kəlbəcərin yaşayış məntəqələri tamamilə xarabalığa çevrilmiş, sosial infrastrukturu dağıdılmış və insanların onilliklər boyu qurduğu yaşayış mühiti yox edilmişdir. Tarixi və mədəni irsimizə, qəbirlərimizə və abidələrimizə qarşı misli görünməmiş vandalizm aktları törədilmişdir. Eyni zamanda, rayonun zəngin təbii resursları və ekoloji mühiti amansızcasına istismar olunub; meşələr məhv edilib, su mənbələrinə və biomüxtəlifliyə ciddi ziyan vurulub. İnsanlarımız öz yurdlarından didərgin salınaraq rayonun nəhəng iqtisadi və turizm potensialı dondurulub”.

​44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin birbaşa göstərişləri ilə Kəlbəcərdə genişmiqyaslı bərpa işlərinin başladığını deyən B.Hacıyev, layihələrin fundamental mahiyyətini vurğulayıb:

​“Kəlbəcərdə reallaşdırılan layihələr sadəcə bir tikinti silsiləsi deyil. Bu, həm də tarixi ədalətin bərpası və doğma torpaqlara həyatın yenidən qaytarılması deməkdir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı şəkildə məskunlaşmasını təmin edir və davamlı iqtisadi fəaliyyət üçün güclü təməl qoyur. Biz dağıdılmış torpaqlarımıza yeni nəfəs vermək, tarixi irsimizi qorumaq və bu regionu yüksək səviyyədə inkişaf etmiş bir məkana çevirmək üçün qətiyyətlə çalışırıq”.