BAKI, 21 may. TELEQRAF

Vaxtilə işğal altında olmuş ərazilərdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlər regionun inkişaf prosesinə mənfi təsir göstərib.

Teleqraf xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə deyib.

Məsim Məmmədov bildirib ki, son 30 il ərzində bütün çətinliklərə baxmayaraq, Azərbaycan öz tarixi və mədəni irsinin qorunmasını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi saxlayıb:

“İnsanların öz doğma evlərinə qayıtması yalnız humanitar məsələ deyil, həm də iqtisadi və sosial inkişafın vacib bir hissəsidir. Bu xüsusilə post-münaqişə əraziləri üçün daha böyük əhəmiyyət daşıyır”.

Xüsusi nümayəndə vurğulayıb ki, həmin bölgələrdə yenidənqurma və bərpa işləri olduqca vacibdir.