BAKI, 21 may. TELEQRAF
Hazırda Bakı əsasən mərkəzləşmiş və genişlənərək yayılan şəhərdir – sıx məskunlaşmış urban mərkəzə və xüsusilə 1990-cı illərin əvvəllərindən böyüməyə başlayan aşağı sıxlıqlı şəhərətrafı ərazilərə malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Strateji Planlaşdırma Şöbəsinin rəhbəri Hüseyn Abdullayev WUF13 çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki. Bakının Yeni Baş Planı ərazinin polisentrik aqlomerasiyaya çevrilməsini nəzərdə tutur:
“Bu da öz növbəsində balanslı regional inkişafı, yeni imkanları, şəhər imkanlarına daha bərabər çıxışı təmin edəcək və digər müsbət nəticələr yaradacaq.
Amma bu polisentrikliyi necə təmin etmək olar? Doğrudanmı bu proses öz-özünə baş verəcək? Yoxsa gələcəkdə bu polisentrik inkişafı hərəkətə gətirəcək əsas amil nə olacaq?
Yalnız multimodal nəqliyyat qovşaqları polisentrikliyin real hərəkətverici qüvvəsi ola bilər. Məhz onlar aşağı sıxlıqlı urban yayılmanı böyük şəhərin yeni sub-mərkəzlərinə çevirə bilər.
Bunun üçün nə etməliyik? Yüksək tutumlu nəqliyyatı cəmləşdirməli və onu yeni sub-mərkəzlər üçün əsas urban dayaq nöqtəsinə çevirməliyik. Bu isə öz növbəsində həmin sub-mərkəzlər ətrafında qarışıq istifadəli inkişafı (mixed-use development) və aktiv mobilliyi stimullaşdıracaq. Çünki Tranzit yönümlü inkişaf (Transit-Oriented Development – TOD) konsepsiyası yüksək keyfiyyətli şəhər məkanını da nəzərdə tutur. Bu o deməkdir ki, piyadalar və velosipedçilər üçün yüksək keyfiyyətli infrastruktur və mühit yaratmalıyıq və bu da yüksək tutumlu, sürətli nəqliyyat sistemi ilə dəstəklənməlidir.
Bu kontekstdə 2025–2030-cu illər üzrə dövlət proqramı ilk dəfə olaraq həqiqətən ambisiyalı və transformativ kütləvi nəqliyyat şəbəkəsi nümunəsidir”.