BAKI, 21 may. TELEQRAF

Ukrayna Avropada İkinci Dünya müharibəsindən sonra baş verən ən böyük müharibə və mina təhlükəsi ilə üz-üzədir.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.

O bildirib ki, Ukraynanın bəzi əraziləri hələ də işğal altındadır və ölkənin şəhərləri hər gün hücumlara məruz qalır.

Səfir xüsusilə Xarkov şəhərinin cəbhə xəttinə yaxın yerləşməsinə baxmayaraq, dayanıqlılıq nümunəsi göstərdiyini vurğulayıb:

“Xarkov müharibə şəraitində belə yaşayır, bərpa olunur və mübarizəsini davam etdirir. Şəhərin sakinləri böyük cəsarət nümayiş etdirir və bu səbəbdən Xarkov “qəhrəman şəhər” hesab olunur”.

Diplomat əlavə edib ki, Ukrayna şəhərlərinin daha dayanıqlı və müasir infrastrukturla yenidən qurulması üçün beynəlxalq dəstəyə ehtiyac var.

O, bu istiqamətdə BMT və digər beynəlxalq təşkilatların yardımını yüksək qiymətləndirib.

Səfir həmçinin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.