BAKI, 21 may. TELEQRAF
Tranzit yönümlü inkişaf (Transit-Oriented Development – TOD) kobsepsiyasının əsas prinsipi ondan ibarətdir ki, şəhərlər və yeni salınan ərazilər ictimai nəqliyyat qovşaqları, böyük dəmir yolu stansiyaları və ya digər nəqliyyat dayaq nöqtələri ətrafında inkişaf etdirilir, yəni həmin məkanlar bu qovşaqların ətrafında qurulur.
Teleqraf xəbər verir ki, bu barədə STEP City beynəlxalq konsaltinq və layihə şirkətinin Təsisçisi və İdarəedici Tərəfdaşı Alina Bisembaeva WUF13 çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” adlı tədbirdə çıxışında deyib.
O bildirib ki, burada söhbət yalnız hansısa obyektlərin tikilməsindən getmir:
“Eyni zamanda ictimai məkanlar, sıx məskunlaşan ərazilər, yaşıl zonalar və kommersiya sahələri də inkişaf etdirilir.
Burada əsas fikir ondan ibarətdir ki, ərazinin inkişafının təməlində ictimai nəqliyyat dayanır. Biz yalnız binalardan və ya obyektlərdən danışmırıq, geniş ictimai məkanlardan, piyadalar üçün ərazilərdən danışırıq ki, bu da həmin nəqliyyat qovşaqlarını əhali üçün əlçatan edir. TOD fərqli yanaşmadır və şəhərlərin əvvəlki inkişaf prinsiplərindən kəskin şəkildə fərqlənir. Bu yanaşmaya yenidən baxmalıyıq.
Şəhər nəqliyyatının inteqrasiyası baxımından isə bu yanaşma elə bir modeldir ki, burada hər şey əvvəlcədən planlaşdırılır. Bunun Moskvada necə tətbiq olunduğunu görmək mümkündür. Mən də bunu hər gün istifadə etdiyim stansiya və dayanacaqlarda müşahidə edirəm. İnkişaf etdiricilər artıq anlayırlar ki, əgər yaşayış sahələri TOD prinsipi əsasında nəqliyyat qovşaqlarının yaxınlığında salınırsa, həmin mənzillər digər uzaq ərazilərlə müqayisədə 1,5–2 dəfə daha sürətli satılır.
Bundan əlavə, tikinti xərcləri də daha aşağı olur, çünki insanların avtomobillərini saxlamaq üçün böyük parkinq sahələri nəzərdə tutmağa ehtiyac qalmır. Eyni zamanda, belə ərazilərdə yaşayış mənzillərinin qiyməti 15–20 faiz daha yüksək olur. Bunlar gətirmək istədiyim bir neçə nümunədir”.