BAKI, 21 may. TELEQRAF
Mən böyük mənzil problemi ilə üzləşmiş bir ölkədən gəlirəm. Bu, o qədər də ölkəmizin kasıb olması ilə bağlı deyildi. Biz müharibə nəticəsində dağıdılmış bir ölkədən çıxmışıq. Açıq desəm, çoxtərəfli institutlar olmasaydı, insanlarımız üçün mənzil təminatını həyata keçirə bilməzdik.
Teleqraf xəbər verir ki Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvanikan WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Multilateralizm vasitəsilə mənzil sahəsinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" adlı tədbirdə deyib.
O bildirib ki, əsas rol məhz bu çoxtərəfli institutların rolu idi:
"Mən burada yalnız BMT institutlarını nəzərdə tutmuram. Bizim üçün çox sayda QHT-nin iştirakı da çox vacib idi. Müharibədən sonrakı ilk ildə minlərlə QHT orada fəaliyyət göstərirdi. Bundan əlavə, Dünya Bankının rolu isə olduqca mühüm idi. Mən həqiqətən inanıram ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı ölkənin yenidən qurulması və insanların mənzillə təmin olunması baxımından həlledici rol oynayıblar.Bosniyada müharibə zamanı evlərin 40 faizi dağıdılmışdı. Demək olar ki, hər ikinci ev ya ciddi şəkildə zədələnmişdi, ya da tamamilə məhv olmuşdu. Buna görə ehtiyaclar çox böyük idi. Digər tərəfdən, çoxtərəfli institutların yerli hakimiyyətə göstərdiyi təzyiq də çox mühüm əhəmiyyət daşıyırdı. Çünki yalnız yerli siyasətçilərin hansı qərarı verəcəyinə güvənmək çox sual doğuran məsələdir. Amma prioritetin mənzil məsələsi olması üçün təzyiq göstəriləndə, yerli hakimiyyət qərar verməyə məcbur olurdu. Bəzi yerli rəsmilər deyə bilərdilər ki, insanların evlərini deyil, ordunun kazarmalarını bərpa etmək daha vacibdir. Lakin xaricdən gələn bu təzyiq vəziyyəti dəyişdi və nəticədə düzgün addımlar atıldı".
Onun sözlərinə görə, bir çox insanlar düşünür ki, çoxtərəfli institutlar böhran içindədir:
" Mən bununla tam razı deyiləm. Ola bilsin ki, siyasi səviyyədə müəyyən problemlər var, amma ixtisaslaşmış çoxtərəfli institutlar hələ də çox effektiv fəaliyyət göstərirlər. Mən UNESCO-suz bir dünyanı təsəvvür edə bilmirəm. Ümumdünya Səhiyyə Təşkilatı olmadan dünyanı təsəvvür edə bilmirəm. Onlar o qədər yaxşı və səmərəli işləyirlər ki, mən ümumiyyətlə çoxtərəfli institutların böhran içində olduğunu düşünmürəm".