BAKI, 21 may. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə görülən bütün tədbirlər insanların öz torpaqlarına qayıtması və sağlam təbiətdə rifah halında yaşamasına xidmət edir.

Teleqraf xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Davamlılıq Standartı: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, əhalinin içməli suya çıxışını yaxşılaşdırmaq üçün bir çox tədbirlər görülüb, turisttik imkanlardan, ekoturizmdən istifadə edilib.

"Məsələn, bu “ağıllı kənd” layihəsi insanların xidmətlərdən istifadə etməsi və həmin xidmətlərə inteqrasiya olunması üçündür. Yəni burada uşaq bağçası, məktəb, bank xidmətləri, kafe, yaşıl məkanlar və digər xidmətlər nəzərdə tutulur. Kəndlərin bir-birinə yaxın yerləşməsi bütün kəndlərin ortaq infrastruktur şəbəkəsindən istifadə etməsinə imkan verir. Buna görə də kəndlərin arasında böyük parklar salınır. Məsələn, Ağalı və Məmmədbəyli kəndləri həmin ortaq yaşıl məkanlardan istifadə edə və bunun faydasını görə bilərlər. Bu yanaşma həm büdcə səmərəliliyi, həm də sakinlərin rahatlığı baxımından mühüm üstünlüklər yaradır", - o vurğulayıb.