BAKI, 21 may. TELEQRAF
Misirdə bizim əhalimiz 100 milyondur. Xüsusilə başlanğıcda Misirdə aşağı gəlirli insanlar üçün mənzil təklifi çatışmazlığımız var idi. Mənzil sistemi həqiqətən çox parçalanmış vəziyyətdə idi.
Teleqraf xəbər verir ki, bu barədə Misirin Sosial Mənzil və İpoteka Maliyyələşdirmə Fondunun Baş İcraçı Direktor Mai Abdel Hamid WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, ölkədə subsidiyalaşdırılmış və maliyyələşdirilən mənzillərin təmin olunması üçün bütöv bir ekosistemin yaradılmasına ehtiyac olub:
“Yəni məsələ təkcə maliyyə bazarlarını, istiqrazlar üçün ikinci dərəcəli bazarları və s. yaratmaqdan ibarət deyildi. Mənzil təminatında çoxlu problemlər və həddindən artıq çox tərəf iştirak edirdi.
Biz yalnız ev tikmirdik, eyni zamanda bütün bu ekosistemi qurmaq üçün bütün maraqlı tərəflərlə geniş koordinasiya aparmalı idik. Məsələn, Ədliyyə Nazirliyi mülkiyyət hüququnun qeydiyyatı prosesində iştirak edirdi, çünki bankların müəyyən mərhələdə ipotekanı qeydiyyatdan keçirməsi lazımdır. Hökumət tərəfindən münasib yerlərdə, infrastrukturla təmin olunmuş torpaq təklif edilməli idi və biz bu torpağı pulsuz alırdıq. Eyni zamanda kapital bazarlarına da ehtiyac var idi.
Bankların etimadını qazanmaq lazım idi ki, onlar əvvəllər ümumiyyətlə kredit qabiliyyəti olmayan hesab etdikləri insanlara ipoteka məhsulları təqdim etsinlər. Yəni qarşımızda çoxlu çətinliklər var idi və bunların hamısını bir masa ətrafında toplamaq lazım gəldi.
Fond yaradılmamışdan əvvəl Dünya Bankından subsidiya üçün 200 milyon dollar maliyyə almışdıq. Bu, 2010-cu ildə idi. Amma həmin vəsait hesablarımızda qalırdı və subsidiyalaşdırmaq üçün uyğun mənzil tapa bilmirdim. Yəni əvvəlcə evləri tikməli, düzgün mənzil fondu yaratmalı və uyğun benefisiarları müəyyən edən hədəfləmə mexanizmi qurmalı idik.
Başqa sözlə, pul var idi, amma subsidiyalaşdırmaq üçün ev yox idi. Bu, bizim üçün əsas dərs oldu.
Buna görə də 2014-cü ildə hökumət xüsusi bir fond yaratmaq qərarına gəldi. Bu fond evlərin tikintisi, ipoteka prosesinin asanlaşdırılması, subsidiyaların ödənilməsi və bütün bu məsələlərlə məşğul olmalı idi. Biz bütün maraqlı tərəfləri bu fondun idarə heyətinə daxil etdik və institusional sabitlik əldə etdik. Mən bunu böyük bir üstünlük hesab edirəm, çünki bu sayədə 12 il ərzində nəyi və necə həyata keçirəcəyimizi planlaşdıra bildik. Yerli hökumətlərlə bağlı məsələlər də daxil olmaqla, bütün proses koordinasiya olundu. İdarə heyətində altı nazir təmsil olunurdu. Benefisiarların uyğunluq meyarlarını müəyyən edən xüsusi qanun qəbul edildi və bu meyarları hər il yenidən nəzərdən keçirmək imkanı yaradıldı”.