BAKI, 21 may. TELEQRAF

İnteqrasiya və inklüzivlikdən danışarkən, torpaq və torpaq planlaşdırılması məsələsini həll etməsək, mənzil çatışmazlığını yalnız kağız üzərində aradan qaldırmağa çalışmış olarıq, amma real nəticə əldə etmərik. Nəticədə isə kənarlaşma, əlaqəsizlik və seqreqasiya yaranır.

Teleqraf xəbər verir ki, bu barədə Uruqvayın Mənzil və Ərazi Planlaşdırma Naziri Tamara Paseyro Marin WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, Uruqvayda bu baxış üç əsas istiqamət əsasında həyata keçirilir:

“Birincisi, torpağın və onun yerləşdiyi ərazinin əhəmiyyətidir. İkincisi, dövlət və özəl maliyyələşmə, həmçinin dövlət siyasətlərinin həyata keçirilməsi üçün zəruri olan institusional potensialdır. Bu üç komponent uyğunlaşdırılarsa, həqiqətən də əlçatan mənzil təmin etmək mümkündür və məqsəd də budur.

Bizim üçün vurğulamaq vacibdir ki, mənzil siyasəti özlüyündə son məqsəd deyil. O, digər siyasətlərlə əlaqəlidir və onların həyata keçirilməsini də tələb edir. Bu, sosial bərabərlik üçün bir vasitədir.

Həmçinin, bu forumda da müzakirə olunduğu kimi, icmaların prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulamaq istərdim. İcmaları prosesə cəlb etmək yaxşı səslənir, amma bunun praktikada mənası nədir, buna necə nail olmaq olar? Bunun üçün çox konkret müdaxilə metodologiyaları lazımdır.

Çünki burada obyektiv məsələlər var – məsələn, kanalizasiya və işıqlandırma. Bunların harada yerləşəcəyini müəyyən etmək lazımdır. Amma elə məsələlər də var ki, orada icmalarla daha yaxından işləmək mümkündür, çünki bəzi texniki məsələlər əvvəlcədən müəyyənləşdirilmiş olur”.