BAKI, 20 may. TELEQRAF
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib.
Teleqraf xəbər verir ki, “Əlçatanlıqdan kənara: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusuna həsr olunan tədbirdə əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirin moderatoru Mikaela Patrick bildirib ki, sürətli urbanizasiya şəraitində universal dizayn prinsipləri nəzərə alınmadan inşa olunan şəhərlər dünya əhalisinin təxminən 16 faizi üçün uzunmüddətli maneələr yaradır. Onun sözlərinə görə, bu vəziyyət həm sosial təcridə, həm də sonradan yüksək maliyyə tələb edən yenidənqurma işlərinə səbəb olur.
Qeyd olunub ki, BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası (CRPD) və Yeni Şəhər Gündəliyi inklüziv şəhərsalmanı prioritet kimi müəyyən etsə də, praktik icra mexanizmlərində hələ də ciddi boşluqlar mövcuddur. Bu səbəbdən əlilliyi olan şəxslər mənzil təminatı və iqlim dəyişikliklərinin yaratdığı fövqəladə hallardan daha çox təsirlənən qruplar sırasında yer alır.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari bildirib ki, Azərbaycanda tam elektron və təmassız əlillik qiymətləndirilməsi sistemi tətbiq olunur. Onun sözlərinə görə, rəqəmsal əlillik altsistemi vasitəsilə tibbi məlumatlar elektron qaydada emal edilir ki, bu da prosesin daha şəffaf, operativ və obyektiv həyata keçirilməsinə imkan yaradır. Qeyd olunub ki, Azərbaycan regionda bu sistemi tətbiq edən ilk ölkələrdən biridir.
Ümumdünya Korlar Birliyinin prezidenti Santoş Kumar Rungta deyib ki, əlilliyi olan şəxslərin inklüzivlik və əlçatanlıqla bağlı təşəbbüslərdə kifayət qədər təmsil olunmaması əsas problemlərdən biridir. “Biz görünmürük. Əlilliyi olan şəxslərin təşkilatları qərar qəbuletmə prosesində demək olar ki, iştirak etmir”, - deyə o vurğulayıb.
“Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov diqqətə çatdırıb ki, bir çox şəhərlərdə əlçatanlıqla bağlı məlumatlar ya ümumiyyətlə toplanmır, ya da səthi şəkildə aparılır. O vurğulayıb ki, yalnız pandusların sayını qeyd etmək kifayət deyil, həmin infrastrukturun praktik istifadəyə yararlı olub-olmaması da qiymətləndirilməlidir.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, qarşıdakı dövrdə Yeni Şəhər Gündəliyinin icrasına dair aralıq qiymətləndirmə çərçivəsində Nyu-Yorkda yüksək səviyyəli toplantı keçiriləcək və son 10 ildə hansı yanaşmaların effektiv olub-olmadığı təhlil ediləcək.
Dəyirmi masada əlilliyi olan şəxslərin təşkilatları (OPD), dövlət qurumları, BMT agentlikləri, şəhərsalma üzrə mütəxəssislər, akademik dairələr və beynəlxalq tərəfdaşlar iştirak ediblər. Müzakirələr zamanı inklüziv dizayn və innovasiyaların əlçatan və münasib qiymətli mənzil təminatına, qeyri-formal yaşayış məntəqələrində dayanıqlığın artırılmasına və inklüziv infrastruktur həllərinin sistemli şəkildə tətbiqinə necə töhfə verdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, tədbirdə səsləndirilən təklif və təşəbbüslər WUF13 çərçivəsində hazırlanacaq “Bakı Fəaliyyət Çağırışı” sənədinə töhfə verəcək.