BAKI, 20 may. TELEQRAF

Bizim baxışımıza görə, miqrasiya problem deyil. Miqrasiya idarəçiliyinin gələcəyi getdikcə daha çox sərhədlərdə deyil, məhəllələrimizdə, bələdiyyələrimizdə və şəhərlərimizdə müəyyən olunacaq.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramının Azərbaycan üzrə Ölkə Ofisinin Proqram Meneceri Runze Vanq WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əsas sual miqrasiya və miqrant təşkilatlarının şəhərlərimizi necə formalaşdırdığıdır:

"Bizim fəaliyyətimiz məcburi köçkünlük, yenidənqurma, siyasət, investisiya qərarları və xidmətlərin təqdim olunması modellərini əhatə edir. Bu qərarlar yalnız mövcud vəziyyətə reaksiya verməməli, həm də insanların hərəkətliliyini əvvəlcədən nəzərə almalıdır".

O, üç əsas prioriteti xüsusi vurğulayıb:

"Birincisi — mənzil və torpaq məsələsi. Şəhərlər planlaşdırma və xidmət sistemlərinin cavab verə biləcəyindən daha sürətlə böyüdükdə torpaq, mənzil və əsas infrastruktur üzərində təzyiq yaranır. Bu isə sıxlıq, mənzil qiymətlərinin artması və şəhər infrastrukturunda həll olunmamış problemlərə səbəb ola bilər. Buna görə təhlükəsiz, adekvat və əlçatan mənzil yalnız sosial ehtiyac kimi deyil, həm də sabitlik, insan ləyaqəti və sosial həmrəylik üçün əsas infrastruktur kimi qəbul edilməlidir.

İkincisi — ictimai xidmətlər və infrastruktur. Miqrasiya tələbatın coğrafiyasını dəyişdirir. Söhbət məktəblərdən, səhiyyə xidmətlərindən, su təminatı və kanalizasiyadan, nəqliyyatdan və ictimai məkanlardan gedir. Miqrantların yerləşdiyi müəyyən şəhər ərazilərində bu xidmətlər ciddi təzyiq altında qala bilər.

​Üçüncüsü və sonuncusu, sosial həmrəylik və yerli iqtisadi inkişafdır. Biz miqrantları və köçkün insanları sadəcə "həssas (müdafiəsiz) təbəqə" prizmasından görməkdən yayınmalıyıq. Əlbəttə ki, onların bir çoxu real mühafizə və xidmət çətinlikləri ilə üzləşirlər, lakin onlar həm də özləri ilə bərabər böyük bacarıqlar, sahibkarlıq ruhu, bilik, işçi qüvvəsi, mədəni müxtəliflik və şəbəkələr gətirirlər. Şəhər idarəetməsinin mahiyyəti bu mobilliyi həm yeni gələnlər, həm də onlara ev sahibliyi edən icmalar üçün ortaq imkanlara çevirmək bacarığından ibarətdir."