Şəhərlərin gələcəyi texnologiya və iqtisadi imkanlarla deyil, insan mərkəzli yanaşma ilə müəyyən olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, şəhərsalma siyasətində inklüzivlik, əlçatanlıq və iqlim dayanıqlılığı əsas prinsiplərdən biri olmalıdır.
Deputat vurğulayıb ki, qlobal iqlim dəyişiklikləri fonunda şəhərlərin dayanıqlılığı artıq seçim deyil, zərurətə çevrilib və bu istiqamətdə qanunvericiliklə yanaşı siyasi iradə də mühüm rol oynayır:
“Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir, yeni şəhər və kəndlər dayanıqlı və müasir infrastruktur əsasında yenidən qurulur”.
P.Vəliyeva əlavə edib ki, parlamentlər qlobal öhdəliklərlə yerli reallıqlar arasında körpü rolunu oynayır və urbanizasiya siyasətində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.