BAKI, 20 may. TELEQRAF
Urbanizasiya və miqrasiya yalnız qlobal tendensiyalar deyil, eyni zamanda bir-biri ilə sıx bağlı olan proseslərdir.
Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, insanlar burada yeni imkanlar və çağırışlarla qarşılaşırlar: "Buna görə də miqrasiya və urbanizasiya problemləri paralel şəkildə həll edilməlidir. Bu gün hökumətlər modernləşmənin texniki tərəflərinə böyük investisiyalar yatırırlar. Ağıllı evlər, dayanıqlı yaşayış məkanları, müasir infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Lakin cəmiyyətlərin dayanıqlığını təmin etmək üçün ən vacib məsələ insan amilidir.
Şəhərlərin inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı, innovasiya, yaradıcılıq və əməkdaşlıqdır. Fiziki infrastruktur inkişafı sürətləndirə bilər, lakin insan mərkəzli idarəetmə olmadan ən müasir sistemlər belə uzunmüddətli sabitliyi təmin edə bilməz.
Məhz buna görə Azərbaycan miqrasiyanın idarə olunması siyasətində innovasiya, inklüzivlik və hüquq əsaslı yanaşmaları prioritet hesab edir.
Ölkəmiz yalnız iqtisadi inkişaf və yeni imkanlara görə deyil, həm də miqrantların inteqrasiyasını dəstəkləyən hüquqi və sosial mexanizmlərə görə cəlbedici məkanlardan birinə çevrilir. Bu yanaşma miqrantların ölkəmizdə özlərini təhlükəsiz və qəbul olunmuş hiss etmələrinə şərait yaradır".