BAKI, 20 may. TELEQRAF

​Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) miqrasiya proseslərinin şəhərlərin inkişafındakı rolu və qlobal tendensiyalar müzakirə edilib.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMgT) Baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində təşkil olunan “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” adlı tədbirdə çıxışı zamanı deyib.

​Uqoçi Daniels qonaqları salamlayaraq, gözəl Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunda iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, bu mühüm dialoqun təşkilində göstərdiyi liderliyə və tərəfdaşlığa görə Azərbaycan Respublikasının Hökumətinə və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova xüsusi təşəkkürünü ifadə edib:

​“Bu tədbir bizim bu ayın əvvəlində Nyu-Yorkda keçirilən ikinci Beynəlxalq Miqrasiya Siyasətinin Nəzərdən Keçirilməsi Forumunda başladığımız dialoqun birbaşa davamıdır. Bugünkü müzakirələrimiz qlobal səviyyədə apardığımız proseslərin ayrılmaz bir hissəsidir. Bu kontekst, miqrasiya və urbanizasiyanın artıq bir-birindən ayrı şəkildə ələ alına bilməyəcəyinə dair qlobal səviyyədə artan fərqindəliyi və qəbulu əks etdirir”.

​BMgT rəsmisi vurğulayıb ki, müasir dünyada miqrasiya prosesləri getmək tərzi etibarilə getdikcə daha çox şəhəryönümlü xarakter alır və bu proses iqlim dəyişikliyi, münaqişələr, demoqrafik dəyişikliklər, eləcə də dərinləşən bərabərsizliklər fonunda formalaşır. O, təşkilatın ən son hesabat sənədinə istinad edərək mühüm qlobal statistik göstəriciləri diqqətə çatdırıb:

​“Nyu-Yorkdakı forum çərçivəsində bizim indicə təqdim etdiyimiz '2026-cı il Dünya Miqrasiya Hesabatı' göstərir ki, hazırda dünyada beynəlxalq miqrantların sayı 304,4 milyon nəfərə çatıb. Miqrantların qlobal miqyasda verdiyi iqtisadi və sosial töhfələr onların sadəcə statistik say göstəricilərindən qat-qat böyükdür”.

​Dünyada urbanizasiya prosesinin sürətlə getdiyini xatırladan Uqoçi Daniels əlavə edib ki, planet əhalisinin 55%-dən çoxu artıq şəhər mərkəzlərində məskunlaşıb və yaxın gələcəkdə bu rəqəmin 68%-ə yüksələcəyi proqnozlaşdırılır:

​“Məhz bu səbəbdən BMgT olaraq, Azərbaycanda Dövlət Miqrasiya Xidməti ilə bu qlobal forum çərçivəsində sıx əməkdaşlıq etməyimiz olduqca böyük əhəmiyyət kəsb edir. Çünki mövcud qlobal trendlər şəhərləri miqrasiya prosesinin ön cəbhəsinə çevirir və miqrantların mütləq əksəriyyəti məhz şəhərlərə üz tutur”.