BAKI, 20 may. TELEQRAF
Mənzil siyasətinin uğurlu icrası üçün parlamentlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb Dövlətləri üzrə Regional Ofisinin nümayəndəsi Rania Hedeya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, qlobal urbanizasiya və mənzil gündəlikləri yalnız qanunvericilik, hesabatlılıq mexanizmləri və yerli icra vasitəsilə real nəticə verə bilər.
Rania Hedeya vurğulayıb ki, parlamentlər torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, şəhərsalma, iqlim siyasəti və ictimai investisiyalar sahəsində əsas qərarverici qurumlardır.
“Mənzil böhranının həlli üçün dövlət qurumları, yerli icmalar və beynəlxalq təşkilatlar arasında koordinasiyalı əməkdaşlıq vacibdir”.
O əlavə edib ki, məcburi köçürmələr, yaşayış təhlükəsizliyi və sosial bərabərsizliklə bağlı problemlərin aradan qaldırılması üçün insan hüquqlarına əsaslanan yanaşma gücləndirilməlidir.