BAKI, 20 may. TELEQRAF

"Azərbaycan COP29-dan sonra oxşar miqyaslı digər bir qlobal tədbirə ev sahibliyi etmək imtiyazına sahibdir. Biz COP29-da miqrasiya məsələsinin qlobal müzakirələrin mərkəzində qalmasını təmin etdik. İndi isə şadıq ki, bu strateji yanaşmanı Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində də irəli aparırıq”.

Teleqraf bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində keçirilən "Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi" adlı tədbirdə deyib.

​V.Hüseynov qeyd edib ki, bu tədbir iki həftə əvvəl BMT-nin mənzil-qərargahında Beynəlxalq Miqrasiya Siyasətinin Nəzərdən Keçirilməsi Forumu (IMRF) çərçivəsində başladılan mühüm müzakirələrin davamıdır. O, Yeni Şəhər Gündəliyi ilə Miqrasiya üzrə Qlobal Paktın bir-birilə sıx bağlı olduğunu diqqətə çatdırıb:

​“Yeni Şəhər Gündəliyi inklüziv inkişafın vacibliyini və miqrantların şəhərlərin formalaşmasındakı rolunu tanıyır. Eyni zamanda, Miqrasiya üzrə Qlobal Pakt effektiv miqrasiya idarəçiliyinin dayanıqlı inkişafa və sosial inteqrasiyaya birbaşa töhfə verdiyini vurğulayır. WUF13-ün ev sahibi və Miqrasiya üzrə Qlobal Paktın 'Çempion ölkələr' təşəbbüsünün həmsədri kimi Azərbaycan bu iki qlobal gündəlik arasında sinerjinin yaradılmasına xüsusi önəm verir”.

​Qlobal miqrasiya dinamikasına toxunan Xidmət rəisi dünyadakı rəsmi statistik rəqəmləri və proqnozları açıqlayıb:

​“Beynəlxalq hesabatlar dünyada miqrantların sayının artan dinamikasını əks etdirir. Hazırda dünya əhalisinin təxminən 3,5 faizindən çoxunu beynəlxalq miqrantlar təşkil edir. Bu gün bəşəriyyətin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir. Miqrantlar bu transformasiya prosesinin əsas hərəkətverici qüvvələrindən biridir”.

​Dövlət Xidmətinin rəisi vurğulayıb ki, şəhərlər miqrasiyanın ən bariz şəkildə hiss olunduğu, insanların təhlükəsizlik, yeni imkanlar, xidmətlər və təhsil axtardığı mərkəzlərdir: ​“Şəhərlər həm də miqrasiyanın və inkişafın birgə gətirdiyi müsbət və tamamlayıcı rolun ən aydın şəkildə göründüyü məkanlardır”.