BAKI, 20 may. TELEQRAF

Plastik tullantıların düzgün idarə olunmaması kənd təsərrüfatına mənfi təsir göstərir, dəniz canlılarının məhv olmasına və insan sağlamlığı üçün ciddi təhlükələrin yaranmasına səbəb olur.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii dərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, müasir dövrdə urbanizasiya dünyada ən sürətli proseslərdən biridir:

"Şəhər əhalisinin artması, istehlakın dəyişməsi və gündəlik istehlak dövriyyəsinin yüksəlməsi tullantıların həcminin artmasına təsir edir. Xüsusilə də birdəfəlik istifadə olunan məhsulların və qablaşdırılmış malların geniş yayılması tullantı problemini daha da dərinləşdirir. Urbanizasiya nəticəsində yaranan əsas problemlərdən biri plastik tullantıların düzgün idarə olunmamasıdır. Şəhərlərdə tullantıların həcmi artdıqca mövcud infrastruktur bir çox hallarda kifayət etmir. Nəticədə plastik tullantılar digər tullantılarla birlikdə toplanır, çaylara və dənizlərə axıdılır, torpağı çirkləndirir və canlı aləminə zərərli təsir göstərir.

Bu səbəbdən davamlı və ekoloji təhlükəsiz şəhərlərin formalaşdırılması plastik tullantıların effektiv idarə olunmasından keçir".

Nazir müavini əlavə edib ki, problemin həlli üçün “smart” tullantı idarəçiliyi sistemlərinin tətbiqi, dövri iqtisadiyyatın təşviqi və yaşıl şəhər konsepsiyasının gücləndirilməsi çox vacibdir:

"Davamlı şəhər inkişafı yalnız ekoloji təhlükəsizlik və effektiv tullantı idarəçiliyi sistemləri ilə mümkündür", - qeyd edib.